"Turizmin iqtisadiyyatda payı 5,4 faizə yüksəlib"


Azərbaycanda turizm sektorunun iqtisadiyyatda payı 2019–2025-ci illərdə 4,5 faizdən 5,4 faizə yüksəlib. Qarşıdakı dövrdə bu göstəricinin artırılması və turizm sənayesinin təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən biri olacaq.
SİA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Bakıda keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” adlı panel müzakirəsində deyib.
O bildirib ki, 2026–2030-cu illəri əhatə edən turizmin inkişafı üzrə Dövlət Proqramında sənayenin təşviqi və turizmin iqtisadiyyatda payının artırılması üçün müxtəlif mexanizmlər nəzərdə tutulub.
Onun sözlərinə görə, turizmin iqtisadiyyatda payının artması bütövlükdə bu sahədə məşğulluq imkanlarının genişlənməsinə də şərait yaradır. Turizm sektorunun inkişafı yalnız yerləşmə və ictimai iaşə müəssisələrinə deyil, nəqliyyat, marketinq və digər əlaqəli sahələrə də müsbət təsir göstərir.
.jpg)