Trampdan Avropaya şok çağırış: “Ukraynaya silah pulu xərcləməyi dayandırın, Rusiya ilə razılaşın!”


Rusiya-Ukrayna müharibəsi ətrafında diplomatik kulislərdə gərginlik və yeni sülh təşəbbüsləri ilə bağlı müzakirələr pik həddə çatıb. Xüsusilə Vaşinqtonun Avropa müttəfiqlərinə yönəlik çağırışları və Kiyevə ayrılan maliyyə yardımlarının taleyi beynəlxalq gündəmin əsas mövzusuna çevrilib.
ELAZ.INFO “The Washington Post” (WP) nəşrinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Avropa liderlərini Rusiya ilə razılığa gəlməyə və Kiyevə silah tədarükü üçün istifadə olunan vəsaitləri öz ölkələrinin daxili ehtiyaclarına yönəltməyə çağırıb.
Nəşrin mənbələrinin məlumatına görə, Berlində keçirilən “Könüllülər Koalisiyası”nın üzvləri ilə telefon danışığı zamanı Tramp Avropa liderlərinə açıq mesaj verib. O, onları Ukraynaya ayrılan milyardlarla dollarlıq vəsaiti öz ehtiyaclarına yönəldə bilmələri üçün Kreml ilə razılığa gəlməyə səsləyib. Tramp Avropa ölkələrinin Ukraynaya nəhəng məbləğlər xərclədiyini vurğulayaraq, bu pulların məhz “öz gözəl ölkələrinə xərclənə biləcəyinə” diqqət çəkib.
Bu arada, ABŞ-ın xüsusi elçisi və Trampın kürəkəni Cared Kuşner Berlin görüşündə iştirakından sonra keçirilən mətbuat konfransında Vaşinqtonun Ukrayna və Avropaya birtərəfli sülh planı diqtə etmək niyyətində olmadığını bildirib: “Təkrarlamaq istəyirəm ki, Prezident Tramp Avropanın dəstəyi ilə razılığa gəlmək istəyir. O, birtərəfli şəkildə heç nə tətbiq etməyə çalışmır. O, bunu Avropa və Ukrayna ilə birlikdə etmək istəyir. Və bizim əldə etdiyimiz hər hansı bir razılaşma Ukrayna və Avropa ilə sıx məsləhətləşmələrlə müşayiət olunacaq.”
Xüsusi elçinin sözlərinə görə, Tramp bu mövqeyi avropalılara və Kiyevə məhz onun çatdırmasını istəyib. Daha əvvəl “Politico” nəşri də Trampın “Könüllülər Koalisiyası” üzvlərinin Ukraynaya milyardlarla dollar əlavə yardım göstərmək planlarına şübhə ilə yanaşdığını yazmışdı. Qeyd edək ki, noyabrın 13-də Dublində keçirilən sammitdə Aİ liderləri Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında aparılan texniki danışıqlarda iştirak üçün “Aİ + E5” formulu (Avropa Komissiyası, Avropa Şurası, Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniya) çərçivəsində xüsusi danışıqlar qrupunu təsdiqləyiblər.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Avropa təhlükəsizlik sisteminin gələcəyi müzakirə edilərkən avropalılarla dialoqun zəruri olacağını bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə Aİ-nin məsləhətləşmələrdə yer almaq istəyini şərh edərkən avropalıların “son qatara minməyə çalışdıqlarını”, lakin öz rollarını hələ də tam anlamadıqlarını deyib.
Ruslan MƏMMƏDOV
