Tramp, Putin və Si Cinpin üçbucağı: “Hər liderin öz gizli planı var!”


Siyasət
18 Noyabr 2026, 15:28
790 baxış
“ABŞ, Rusiya və Çin liderlərinin görüşündə vacib məsələlər müzakirə ediləcək, amma dünya siyasətinin gələcəyi Moskva, Vaşinqton və Pekin razılaşmalarından asılı olmayacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Dünyanın diqqətinin mərkəzində olan ABŞ, Rusiya və Çin liderlərinin görüşünü şərh edən ekspert bildirib ki, üç nüvə dövlətinin rəhbərini ilk dəfə bu formatda bir araya gətirəcək təmas Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq:
“Görüşün əsas gündəliyində nüvə silahlarının azaldılması, strateji sabitlik, Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyət kimi məsələlərin yer alacağı gözlənilir. Bu təmasın məhz indi keçirilməsi təsadüfi deyil. ABŞ və Rusiya arasında sonuncu strateji silahların məhdudlaşdırılması müqaviləsi olan “New START” sazişinin 2026-cı ilin fevralında başa çatması nüvə silahlarına nəzarət məsələsini yenidən aktuallaşdırıb. Vaşinqton bu prosesə Çinin də cəlb olunmasında maraqlıdır, çünki Pekinin nüvə arsenalını genişləndirməsi qlobal strateji balansa birbaşa təsir göstərir”.
R.Bayramov qeyd edib ki, hər üç liderin görüşdən gözləntiləri və şəxsi mənafeləri fərqlidir: “Tramp üçün bu təmas beynəlxalq nüvə təhlükəsizliyi məsələsində təşəbbüskar rolunu nümayiş etdirmək və diplomatik manevr imkanlarını genişləndirmək fürsətidir. Putin ABŞ prezidenti ilə birbaşa dialoqu davam etdirməyə, Ukrayna müharibəsi ilə bağlı Moskvanın mövqeyini çatdırmağa və Rusiyanın qlobal güc mərkəzi statusunu göstərməyə çalışır. Si Cinpin üçün isə əsas məqam Çinin beynəlxalq diplomatiyada aparıcı vasitəçi və təşəbbüskar güc kimi mövqeyini möhkəmləndirməkdir”.
Görüşün digər mühüm istiqamətinin Ukrayna müharibəsi olacağını vurğulayan politoloq əlavə edib: “Moskva bu formatdan Vaşinqtonla danışıqlarda mövqelərini gücləndirmək üçün istifadə etməyə çalışacaq. Çin isə Rusiya ilə strateji tərəfdaşlığını qorumaqla yanaşı, ABŞ-la münasibətlərdə əlavə gərginlik yaranmasında maraqlı deyil. Bu səbəbdən Pekinin Ukrayna məsələsində açıq şəkildə tərəflərdən birinin mövqeyini müdafiə etməsi inandırıcı deyil.
Gözləntilərə gəldikdə, nüvə silahlarına nəzarət və strateji sabitlik üzrə gələcək danışıqlar üçün siyasi zəmin yaradıla bilər. Lakin tərəflərin bütün mübahisəli məsələlər üzrə konkret razılığa gələcəyini gözləmək real deyil. Çinin nüvə arsenalının məhdudlaşdırılmasına münasibəti və Ukrayna böhranı ətrafındakı fikir ayrılıqları ciddi maneələr olaraq qalır. Ümumiyyətlə, bu görüşün əsas əhəmiyyəti böyük sazişlərin imzalanmasından daha çox, dünyanın üç əsas güc mərkəzi arasında birbaşa siyasi dialoqun qurulmasıdır. Lakin unutmaq olmaz ki, dünya siyasətinin gələcəyi yalnız bu üç paytaxtın razılaşmalarından asılı deyil. Odur ki, həmin görüşü yeni “Yalta” razılaşması kimi təqdim etmək hələlik tezdir”.
Nurlan Cəfəri