Tramp Avropa ölkələrini Putinlə diaoloqa səslədi: cavab nə olacaq?


ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin liderlərini Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara başlamağa çağırıb.
Bu çağırış Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla həlli və Avropanın sülh prosesindəki rolu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Avropa dövlətləri indiyədək Moskva ilə dialoq məsələsində fərqli mövqelər nümayiş etdiriblər. Bəzi ölkələr diplomatik əlaqələrin vacibliyini vurğulasa da, digərləri danışıqların Ukraynanın iştirakı və maraqları nəzərə alınmaqla aparılmasını əsas şərt hesab edirlər.
Bəs Trampın bu çağırışı necə qarşılanacaq? Avropa liderləri Putinlə birbaşa danışıqlara razılıq verə bilərlərmi? Belə bir dialoq Ukraynada sülh prosesinə hansı təsirləri göstərə bilər?
Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında deyib ki, Avropa ölkələrinin bu təklifə münasibəti birmənalı olmayacaq:
Fotolar2
“ABŞ Prezidenti Donald Trampın Avropa liderlərini Vladimir Putinlə birbaşa danışıqlara çağırması Rusiya-Ukrayna müharibəsinin diplomatik müstəvidə yeni mərhələyə keçdiyini göstərir. Bu çağırışın arxasında Vaşinqtonun müharibənin dayandırılması prosesində Avropanın daha fəal məsuliyyət daşıması və Moskva ilə birbaşa siyasi təmasların genişləndirilməsi istəyi dayanır. Avropa İttifaqı dövlətləri bir tərəfdən müharibənin uzanmasının iqtisadi və təhlükəsizlik xərclərini hiss edir, digər tərəfdən isə Rusiyanın hərbi-siyasi tələblərinin qəbul edilməsinin gələcək Avropa təhlükəsizlik arxitekturasına təsirlərini nəzərə alırlar. Almaniya kansleri Fridrix Mertsin mövqeyi də göstərir ki, Avropa Ukraynanın iştirakı və təhlükəsizlik təminatları olmadan aparılacaq razılaşmalara ehtiyatla yanaşır”.
O qeyd edib ki, danışıqların başlanması ilə razılaşmanın əldə olunması eyni məsələ deyil:
"Finlandiya Prezidenti Aleksandr Stubb isə Trampın çağırışını təsdiqləyərək avropalıların müəyyən mərhələdə Putinlə görüşməsinin faydalı ola biləcəyini bildirib. Bu, Avropada birbaşa dialoqa münasibətin dəyişməyə başladığını göstərir. Moskva öz təhlükəsizlik tələblərini, Kiyev isə ərazi bütövlüyü və gələcək müdafiə təminatlarını əsas prioritet hesab edir. Bu mövqelərin uzlaşdırılması ciddi diplomatik çətinliklər yaradır”.
“Hesab edirəm ki, Avropa liderləri Trampın çağırışını tamamilə rədd etmək əvəzinə, öz şərtləri və Ukraynanın iştirakı ilə birbaşa dialoq mexanizmlərini nəzərdən keçirəcəklər. Burada əsas məsələ danışıqların hansı formatda keçirilməsi deyil, əldə ediləcək razılaşmanın Avropada uzunmüddətli təhlükəsizliyə nə dərəcədə xidmət etməsidir”, –deyə politoloq vurğulayıb.
Şahanə Ziyad
