Toylarda artıq maşın yox, bU ƏŞYANI hədiyyə edirlər - ŞOK QİYMƏT


Pakistanda artıq toylarda gənclərə maşın, motosiklet yox, günəş paneli hədiyyə edirlər. Qardaş ölkədə damında paneli olan ailələrin sayı 7 milyona çatıb. Dünya COP31 fonunda qazıntı yanacaqlarından imtina yollarını axtararkən, Cənubi Asiyadan gələn xəbərlər enerji bazarında yeni bir fenomenin yarandığını göstərir.
Pakistanda yerləşən “Renewables First” beyin mərkəzinin məlumatına görə, 2018-ci ildən 2025-ci ilə qədər ölkədə günəş enerjisindən istehsal olunan elektrikin payı cəmi 1 faizdən 28 faizə sıçrayıb. Hazırda təxminən 7 milyon pakistanlı ailənin evinin damında günəş paneli var. Bəs bu kütləvi keçidin sirri nədir? Səbəb 2 amilin üst-üstə düşməsidir: bir tərəfdən Pakistanda dövlət şəbəkəsinin verdiyi işığın qiyməti bir neçə ildə ikiqatdan çox bahalaşıb və fasilələr yaranır, digər tərəfdən isə Çinin kütləvi istehsalı nəticəsində günəş panellərinin qiyməti son illərdə 93 faiz ucuzlaşıb.
Bəs günəşli günlərinin sayı ilin 300 gününə çatan Azərbaycanda niyə bənzər mənzərəni görmürük?
Bakıda və bölgələrdə fərdi yaşayış evlərinin damında niyə hələ də günəş panelləri kütləvi hal almayıb?
Musavat.com bu suallara cavab axtarıb və 5 nəfərlik bir ailənin yaşadığı 60-100 kvadratmetrlik evin günəş enerjisi ilə təminatının real xərclərini hesablayıb.
Azərbaycanda günəş panelləri niyə populyarlaşmır?
Pakistan nümunəsi göstərir ki, vətəndaşları alternativ enerjiyə sövq edən əsas qüvvə dövlət proqramları deyil, "cibin təhlükəsizliyi"dir. Azərbaycanda bu prosesin ləng getməsinin əsas səbəbi Bakı və iri şəhərlərdə enerji təchizatı sabit olmasıdır. Bu da vətəndaşda alternativ mənbə axtarışı zərurəti yaratmır.
Azərbaycanda qanunvericiliklə 150 kVt-a qədər gücü olan fərdi sistemlərə "aktiv istehlakçı" statusu verilib. Yəni vətəndaş artıq günəş paneli və ya digər vasitələrlə istehsal etdiyi enerjini “Azərişıq” şəbəkəsinə ötürə və axşam saatlarında şəbəkədən geri ala bilər. Lakin bunun üçün ikitərəfli xüsusi sayğacların quraşdırılması, texniki şərtlərin alınması və sənədləşmə prosesi adi vətəndaş üçün hələ də mürəkkəb görünür.
Vətəndaşın birdəfəyə 5-8 min manat nağd pul çıxarıb damına panel düzməsi çətindir. Avropada və bəzi Asiya ölkələrində tətbiq olunan faizsiz “yaşıl kredit”lər və ya dövlət subsidiyaları fərdi ev sahibləri üçün hələlik kütləvi əlçatan deyil.
Bəs 60-100 kv.m-lik bir evi "günəşləndirmək" neçəyə başa gəlir?
Çində günəş panellərinin qiymətinin kəskin ucuzlaşması Azərbaycan bazarına da təsir edib. Hazırda Bakı bazarında 1 vatt günəş panelinin qiyməti təxminən 30-45 qəpik civarındadır (məsələn, 550-650 Vt-lıq müasir Çin panellərinin bir ədədi 200-260 manat arasında satılır). Lakin sistem təkcə paneldən ibarət deyil.
5 nəfərlik ailənin yaşadığı 60-100 kv.m-lik fərdi evdə soyuducu, paltaryuyan, televizor, kombi nasosu, işıqlandırma və yayda 1-2 kondisioner işlədiyini nəzərə alsaq, aylıq orta enerji sərfiyyatı 400 – 550 kVt-saat təşkil edir. Bu tələbatı tam qarşılamaq üçün evin damında 5 kVt (kilovat) gücündə günəş elektrik stansiyası quraşdırılmalıdır.
Azərbaycan bazarının mövcud qiymətləri ilə 5 kVt-lıq sistemin xərc smetası 2 variantda formalaşır.
Şəbəkəyə qoşulan - On-Grid – akkumulyatorsuz sistemdə gündüz istehsal olunan artıq enerji "Azərişıq" şəbəkəsinə verilir, gecə isə şəbəkədən götürülür. Bunun üçün 8-9 ədəd (hər biri 580-650 Vt gücündə, cəmi ~5 kVt) günəş paneli lazımdır. Bu qədər günəş panelinin alışına 1 900 - 2 200 manat vəsait lazımdır. Bundan başqa, sabit cərəyanı dəyişən cərəyana çevirən cihazın (5 kVt) qiyməti 1 100 - 1 400 manatdır. Montaj konstruksiyası və aksesuarlar - dama bərkitmə profilləri, xüsusi UV davamlı kabellər, qoruyucu avtomatlar - 800 - 1 000 manat, quraşdırılma və mühəndis xidməti isə 600 - 800 manatdır. İkitərəfli sayğac və şəbəkəyə qoşulma xərcləri isə 400 - 600 manat arasında dəyişir. 1 evin “günəş enerjisi”ndən qidalanması 4 800 – 6 000 manata başa gəlir.
Digər sistem isə tam müstəqil və ya hibrid sistemdir (Akkumulyatorlu).
İşıqlar sönəndə belə evin işıqsız qalmaması və ya ümumiyyətlə dövlət şəbəkəsindən asılı olmamaq üçün sistemə litium-dəmir-fosfat (LiFePO4) batareyalar əlavə edilir. Yuxarıdakı sistemə əlavə olaraq Hibrid invertor (+500 manat) və 5-10 kVt-saatlıq litium akkumulyator (2 500 - 4 000 manat) tələb olunur.
Bu halda xərc 7 800 – 10 500 manat aralığında dəyişir.
Sadə riyazi hesablama aparaq. 5 nəfərlik ailə ayda orta hesabla 50-60 manat (ildə təxminən 650-720 manat) işıq pulu ödəyir. Əgər vətəndaş akkumulyatorsuz 5 kVt-lıq sistemə 5 000 manat xərcləyərsə, bu sistem öz maya dəyərini təxminən 7-8 ilə çıxaracaq. Akkumulyatorlu sistemdə isə bu müddət 12-14 ilə qədər uzanır.
Məhz buna görə də Azərbaycanda günəş panelləri hələlik mənzil sahibləri üçün deyil, elektrik enerjisini daha baha (kommersiya tarifi ilə — 1 kVt-saat üçün 12,5 qəpik) alan fermer təsərrüfatları, istixanalar, otellər və zavodlar üçün sərfəlidir.
Lakin gələcəkdə elektrik enerjisi tariflərində növbəti artımlar baş verərsə və dövlət tərəfindən fərdi evlər üçün xüsusi güzəştli kredit paketləri təqdim olunarsa, Pakistan ssenarisinin Azərbaycanda da təkrarlanması qaçılmaz olacaq.
E.Məmmədəliyev,Musavat.com
