Tovuzda intellektual yarış keçirilib


Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və bir sıra yerli qurumların birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər tarixi – milli qürurumuzdur” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra Tovuz rayon Nizami adına Mədəniyyət Evində keçirilən yarışın açılış mərasimində şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Yarışda rayonun təhsil və mədəniyyət müəssisələrini təmsil edən 23 komanda iştirak edib. Üç turdan ibarət gərgin mübarizənin nəticələrinə əsasən, birinci yerə “Alpaqut”, ikinci yerə “Tusi”, üçüncü yerə isə “İbrahimhacılı” komandası layiq görülüb.
Tədbir zamanı Zəfər Gününə həsr olunmuş rəsm əsərləri də nümayiş etdirilib. Sonda qaliblərə diplom və kuboklar təqdim olunub, “Turan Tovuz” Futbol Klubu tərəfindən komanda kapitanlarına idman formaları hədiyyə edilib.
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
