“The Economist”: Körpülər uğrunda döyüş qızışıb, lakin qalib hələ müəyyənləşməyib


Rusiya ən azı yaza qədər Krım körpüsündən istifadə edə bilməyəcək, lakin Kiyevdəki körpülər də oxşar təhlükə ilə üzləşir.
Ordu.az xəbər verir ki, bu barədə “The Economist” nəşri Rusiya-Ukrayna müharibəsində körpülərə hücumların hər iki tərəfin hərbi logistikasına təsirlərini təhlil edərkən yazıb.
Nəşrin təhlilinə görə, Rusiya-Ukrayna müharibəsində yeni bir istiqamət - körpülər uğrunda mübarizə başlayıb. Ukrayna hələlik bu mübarizədə üstünlük qazansa da, potensial nəticələr onun üçün təcavüzkar tərəfdən daha ağrılı ola bilər.
Ukraynanın həyata keçirdiyi əməliyyat nəticəsində Kerç boğazı üzərindəki avtomobil körpüsünün bir hissəsi dağıdılıb. Körpünün tağ konstruksiyası və gəmiçilik üçün nəzərdə tutulmuş aşırımı suya düşərək Rusiyanın Azov dənizinə çıxış üçün istifadə etdiyi gəmiçilik kanalını bağlayıb.
Dəmir yolu hissəsi də zədələnib və burada hərəkəti yalnız bir yolla məhdudlaşdırmaq lazım gəlib. Bundan başqa, Ukrayna qüvvələri Rostov vilayətində Rusiyanı Krımla birləşdirən və cənubdakı Rusiya qoşun qruplaşmasının təchizatı üçün istifadə olunan avtomobil yolundakı keçidi də məhv edib.
Ukrayna prezidenti Volodimir Zelenski Krım körpüsünün dağıdılmasını “yeddi mərhələli əməliyyatın” nəticəsi adlandırıb. Ukrayna hərbçilərinin sözlərinə görə, əsas hücumdan əvvəl Ukrayna Silahlı Qüvvələri yarımadadakı Rusiya hava hücumundan müdafiə sistemlərini ardıcıl şəkildə məhv edib, daha sonra gecə saatlarında raket və PUA-larla silsilə zərbələr endirib.
Ukrayna komandirlərindən biri bildirib: “Pilotlarımız o qədər çevik və dəqiq olublar ki, zərbə zamanı hətta qonşu ağacdan yarpağın necə düşdüyünü belə görməyəcəksiniz”.
Eyni zamanda Rusiya Kiyevə yeddi ballistik raketlə hücum edərək paytaxtın qərb və şərq sahillərini birləşdirən iki körpüyə zərər vurub. Avtomobil və metro nəqliyyatının zədələnməsi şəhərdə hərəkəti çətinləşdirib.
Nəşr qeyd edir ki, Ukraynanın hava hücumundan müdafiə sistemi önləyici raket çatışmazlığı ilə üzləşir. Bununla belə, paytaxt Rusiya zərbə PUA-larından qaynaqlanan təhlükəni əhəmiyyətli dərəcədə azalda bilib. Buna sentyabr ayında Kiyevin üzərində qurulan, müdafiə xarakterli “qübbəvari” radioelektron mübarizə şəbəkəsi kömək edib.
Ukraynanın PUA-lara qarşı mübarizədə əldə etdiyi uğur Rusiyanı ballistik raketlərdən daha fəal istifadə etməyə vadar edib. Rusiyanın isə bu raketlərdən kifayət qədər ehtiyatı var.
Ukrayna Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsinin qiymətləndirməsinə görə, Rusiya Krım körpüsünü yaza qədər bərpa edə bilməyəcək. “The Economist” qeyd edir ki, hazırda əsas sual həmin vaxta qədər Kiyevdəki neçə körpünün salamat qalacağıdır.
Nəşr daha əvvəl yazıb ki, ABŞ rəsmiləri Putini Ukrayna ilə onun üçün nisbətən məqbul şərtlərlə sülh razılaşması əldə etmək üçün hazırda, ehtimal ki, son şansının olduğu barədə xəbərdar ediblər. Yanvar ayında ABŞ Konqresində demokratlar çoxluq əldə edəcək və Tramp artıq indiki kimi Moskvanın maraqlarına uyğun hərəkət edə bilməyəcək.
Bununla belə, Qərb xüsusi xidmət orqanları hesab edir ki, Putin ən azı yaza qədər müharibəni dayandırmağa razılaşmayacaq. Çünki o, Rusiyanın Donbası güc yolu ilə ələ keçirə biləcəyinə və enerji infrastrukturuna zərbələr endirməklə Ukraynanı kapitulyasiyaya məcbur edə biləcəyinə hələ də inanır.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
