Telefon, hərəkətsizlik, artıq çəki: Məktəblilərin fiziki hazırlığı nə yerdədir?


Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi
Məktəblilərin fiziki hazırlığı, müasir texnologiyaların uşaqların hərəkətliliyinə təsiri və idmana marağın artırılması təhsil sahəsində diqqət yetirilməli məsələlərdəndir. Fiziki tərbiyə dərslərinin uşaqların sağlam böyüməsindəki rolunu, məktəblərdə idmanın inkişafı üçün mövcud imkanları və voleybolun təbliğinin əhəmiyyətini 234 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, voleybol üzrə respublika dərəcəli hakim Rüstəm Cəfərovla müzakirə etdik.
Müsahibimiz 18 illik pedaqoji təcrübəsindən çıxış edərək məktəblilərin fiziki hazırlığı, düzgün qidalanma, valideynlərin fiziki tərbiyə dərsinə münasibəti və müəllimin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüb. O, həmçinin Azərbaycan voleybolunda hakimlik səviyyəsi, gənc hakimlərin yetişdirilməsi və məktəblərdə bu idman növünün daha geniş yayılması üçün görülməli işlərdən danışıb.
– Rüstəm müəllim, uzun illərdir uşaqlarla işləyirsiniz. Son illərdə məktəblilərin fiziki hazırlığında hansı dəyişiklikləri müşahidə edirsiniz? Uşaqlar əvvəlki nəsillərlə müqayisədə daha hərəkətli, yoxsa daha passivdirlər?
– Bəli, mən artıq 18 ildir ki, adı çəkilən məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışıram. Fiziki tərbiyə dərsi şagirdlərin sevimli dərslərindən biridir. Əksər şagirdlərin hər hansı idman növü ilə məşğul olduqları üçün fiziki göstəriciləri yaxşıdır. Bu hal biz müəllimləri sevindirir. Əvvəlki nəsillərlə müqayisə edəndə isə şagirdlərin çoxu dərs yüklərinin çoxluğundan passiv görünürlər.
– Müasir dövrdə uşaqların vaxtının böyük hissəsini telefon, kompüter və sosial şəbəkələrdə keçirməsi onların fiziki inkişafına necə təsir göstərir?
– Müasir dövr çox əla bir dövrdür. Burada texnika, telefon, kompüterlər və digər sahələrdə sürətlə inkişaf gedir. Amma həm sosial şəbəkələrdən, həm də digər texnikadan düzgün və məqsədəuyğun istifadə etmək lazımdır. Təbii ki, sosial şəbəkələrdən düzgün istifadə etmədikdə bu, gələcəkdə xoşagəlməz nəticə verə bilər.
– Fiziki tərbiyə dərslərində bütün uşaqlara eyni yanaşmanı tətbiq etmək nə dərəcədə doğrudur? Fiziki imkanları və sağlamlıq vəziyyətləri fərqli olan şagirdlər üçün fərdi yanaşma olmalıdırmı?
– Biz müəllimlər şagirdləri öz balamız kimi sevir və əzizləyirik. Amma tədris üçün müəyyən olunmuş proqrama, metodiki vəsaitə uyğun olaraq və şagirdlərin normativlərinə əsasən qiymət veririk. Fiziki tərbiyə dərsində fərdi, cütlərlə və qruplarla iş prinsiplərinə üstünlük verərək dərsimizi həvəslə keçir və bundan zövq alırıq.
– Bəzən valideynlər fiziki tərbiyə dərsinə digər fənlər qədər əhəmiyyət vermirlər. Sizcə, bu yanaşma nə dərəcədə yanlışdır?
– Bəli, bu cür halları eşitmişəm və dərhal da həmin valideynlə söhbət aparıb fiziki tərbiyə dərsinin digər fənlərdən heç də geri qalmadığını izah etmişəm. Təbii ki, valideynlərin bu cür düşüncələri yanlışdır. İzahı isə çox asandır. Çünki kifayət qədər tanınmış idmançılarımız var. Onları və onların nəticələrini misal gətirərək şagirdlərdə idmana olan həvəsi artırmaq olar.
– Məktəblilərdə artıq çəki, hərəkətsizlik və fiziki dözümlülüyün zəif olması kimi problemlərlə rastlaşırsınızmı?
– Demək olar ki, bu, böyük bir bəladır. Çünki bəzi şagirdlər vaxtlı-vaxtında düzgün qidalanmırlar və “fast food” yeməklərə üstünlük verirlər. Ona görə də əksər şagirdlərin dözümlülüyünün zəifləməsi kimi hallar baş verir. Mən dəfələrlə şagirdlərimə düzgün qidalanma haqqında məlumat verib onları maarifləndirirəm.
– Sizcə, həftədə ayrılan fiziki tərbiyə dərslərinin sayı uşaqların sağlam və fiziki cəhətdən hazırlıqlı böyüməsi üçün kifayət edirmi?
– Tədris proqramına uyğun olaraq hər bir sinif üçün həftədə 2 dəfə fiziki tərbiyə dərsi nəzərdə tutulub. Bu da qənaətbəxş hesab olunur. Fiziki inkişafını artırmaq istəyən şagird dərsdən sonra müxtəlif idman növləri ilə məşğul olur. Bu isə xoşagələn hal kimi qiymətləndirilir.
– Yaxşı fiziki tərbiyə müəllimi hansı keyfiyyətlərə malik olmalıdır?
– Yaxşı fiziki tərbiyə müəllimi öz idman ixtisasından başqa, digər idman növlərini bilməli, mütaliə etməli, digər fənn müəllimləri kimi nitq mədəniyyətinə malik olmalı, həm şagirdlərə, həm də cəmiyyətə nümunə olmalıdır.
– Siz həm fiziki tərbiyə müəllimi, həm də voleybol üzrə respublika dərəcəli hakim kimi fəaliyyət göstərirsiniz. Məktəblərdə voleybola maraq hansı səviyyədədir? Bu idman növünün daha geniş yayılması üçün nə çatışmır?
– Bəli, mən müəllimlikdən savayı, illərdir voleybol üzrə respublika dərəcəli hakim kimi fəaliyyət göstərirəm. Orta məktəblərdə şagirdlərin əksəriyyəti voleybolu sevir və həvəslə oynayırlar. Amma voleyboldan başqa, digər idman növlərinə də maraq göstərirlər. Bu, sevindirici haldır. Voleybolun məktəblərdə inkişafı üçün inventar azlığı, müxtəlif yaş qrupları arasında yarışların təşkili məsələləri var. Mən sizə bir məsələni xatırladım. Bir neçə il əvvəl voleybol klublarından biri olan “Azəryol”un məşqçi heyətini və bir neçə oyunçusunu çalışdığım məktəbə qonaq kimi dəvət etmişdim. Bu halın məktəbdə voleybola çox böyük maraq yaratdığını hiss etdim. Belə görüşlər, təbliğat tədbirləri də voleybolun inkişafına səbəb olur.
– Azərbaycan voleybolunda hakimlik səviyyəsini necə qiymətləndirirsiniz? Bu sahədə gənc hakimlərin yetişdirilməsi üçün hansı imkanlar var? Voleybol yarışlarında hakimlik edərkən hansı çətinliklərlə üzləşirsiniz?
– Hazırda bizim çox bilikli, savadlı və təcrübəli hakimlərimiz var. Yüksək qiymətə layiq hakimlərimiz müxtəlif ölkələrdə Azərbaycanı təmsil edirlər. Gənc hakimlərimiz aşağı yaş qruplarına təyinat alırlar, bu işin dərinliklərinə yiyələnirlər. Biz də öz bilik və təcrübəmizi onlardan əsirgəmirik. Əksinə, onlara kömək edib öz üzərlərində çalışmağı tövsiyə edirik. Çətinliklərə gəldikdə isə, təcrübəmə və biliyimə güvənərək hər bir çətinliyin öhdəsindən layiqincə gəlir və oyundan sonra oyunun komissarından yüksək bal alıram.
– Sonda təhsillə bağlı daha bir mövzuya toxunaq. Xarici ölkələrin məktəb idmanı təcrübəsində bəyəndiyiniz və Azərbaycanda da tətbiqini vacib saydığınız hansı nümunələr var?
– Xarici ölkələrdə məktəblərin idman zalları geniş, dərs üçün əlverişli və bütün lazımi inventarlarla təmin olunmuş vəziyyətdədir. Mən bunu bəyənib yüksək qiymətləndirirəm. Ölkəmizdə də o cür geniş, hündür, bütün lazımi avadanlıqlarla təmin olunmuş zalların olmasını çox istəyirəm.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub.
1 mənbə
