TDGI rəsmisi ANZ.AZ-a açıqladı: “Azərbaycanı Səmərqənd Bəyannaməsini dəstəkləyənlər sırasında görməkdən şərəf duyardıq”


“Azərbaycan Respublikasını Texnologiya Diplomatiyasına dair Səmərqənd Bəyannaməsini dəstəkləyənlər sırasında görmək bizim üçün şərəf olardı”.
ANZ.AZ xəbər verir ki, bu fikirləri Texnologiya Diplomatiyası Qlobal İnstitutunun (Tech Diplomacy Global Institute – TDGI) baş əməliyyat direktoru (COO) Dr. Sïmon Saneback Bakıda keçirilən kiberdiplomatiya üzrə beynəlxalq konfransda səsləndirib.
Öz növündə ilk sənəd olan Texnologiya Diplomatiyasına dair Səmərqənd Bəyannaməsi 2025-ci ilin noyabrında UNESCO-nun 43-cü Baş Konfransı çərçivəsində imzalanıb.
Dr. Sïmon Saneback Azərbaycanda texnologiya diplomatiyasına ictimai marağın artdığını qeyd edib və ölkənin kiberdiplomatiya sahəsində nümayiş etdirdiyi fəallığı müsbət qarşılayıb.
General Musayevin açılış nitqində çoxtərəfli dialoqun əhəmiyyəti barədə səsləndirdiyi fikirlərə toxunan TDGI rəsmisi bildirib:
“Bu fikirlərlə tam razıyam. Çünki heç bir ölkə təkbaşına kiberməkanın təhlükəsizliyini təmin edə və ya süni intellekti idarə edə bilməz”.
Süni intellektin beynəlxalq səviyyədə tənzimlənməsi məsələsinə toxunan Dr. Saneback vurğulayıb ki, əsas problem yeni qaydaların hazırlanması deyil, artıq mövcud olan tənzimləmə mexanizmlərinin tətbiqi üçün zəruri potensialın yaradılmasıdır.
“Bizim süni intellektlə bağlı qayda çatışmazlığımız yoxdur. Hazırda dünyada qüvvədə olan və ya layihə mərhələsində 50-dən çox süni intellekt tənzimləməsi mövcuddur”, – deyə o bildirib.
TDGI rəsmisi UNESCO-nun tövsiyələrinə, Yeni Dehli Bəyannaməsinə və hər bir hökumətin iştirak imkanına malik olduğu BMT-nin Süni İntellektin İdarə Olunması üzrə Qlobal Dialoquna diqqət çəkib.
“Hər hansı nazirlik tənzimləmə mexanizminə ehtiyac duyursa, mövcud modellərdən birini götürə bilər. Lakin həmin mexanizmi işlətmək üçün tələb olunan potensialı hazır şəkildə əldə edə bilməz”, – deyə o vurğulayıb.
Dr. Saneback xatırladıb ki, sentyabr ayında BMT Baş Assambleyasının sessiyası çərçivəsində TDGI Nyu-Yorkda nazirliklərin nümayəndələrini, diplomatları və texnologiya şirkətlərini bir araya gətirib.
Görüş iştirakçılarına bir sual ünvanlanıb: Dövlətlərin artıq imzaladıqları və həyata keçirməyi öhdələrinə götürdükləri razılaşmaların icrasına mane olan ən əsas amil nədir?
“Cavablar dörd əsas məqamdan ibarət oldu: insan resursları, səlahiyyət və mandat, sənaye sektoru ilə əlaqə kanalı və maliyyə vəsaiti”, – deyə o bildirib.
Dr. Saneback süni intellektin inkişafı ilə təhlükəsizlik risklərinin də dəyişdiyini diqqətə çatdırıb.
“Saxta məzmunlar, səsin klonlaşdırılması və ‘deepfake’ texnologiyaları vasitəsilə nazirin əslində söyləmədiyi sözləri onun adından təqdim etmək mümkündür. Dezinformasiya isə istənilən təkzibdən daha sürətlə yayıla bilər. Bu risklərlə mübarizə artıq diplomatik fəaliyyətin bir hissəsidir”.
TDGI rəsmisinin sözlərinə görə, texnologiya diplomatiyası artıq xarici siyasətin dar bir istiqaməti deyil.
“Texnologiya diplomatiyası xarici siyasətin mərkəzinə çevrilir. Bu sahə kiberdiplomatiyanı, süni intellekti və onların hər ikisinin əsasını təşkil edən infrastrukturu əhatə edir”.
Dr. Sïmon Saneback çıxışının sonunda bütün hökumətlərə ünvanlanan təklifini səsləndirib:
“Hər bir xarici işlər nazirliyində iki dili bilən mütəxəssislər olmalıdır: diplomatiyanın dilini və texnologiyanın dilini. Onlar olmadan dünyanın ən yaxşı tənzimləmə mexanizmi belə kağız üzərində qalacaq”.
Sara Əzimova, Anz.az
