Tayson Fyuri şizofreniya diaqnozu aldığını açıqladı: “Cəhənnəmin içində yaşayırdım”


Britaniyalı məşhur boksçu Tayson Fyuri 2015-ci ildə dünya çempionu olduqdan sonra ciddi psixoloji problemlərlə üzləşdiyini və ona şizofreniya diaqnozu qoyulduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, 38 yaşlı ağır çəkili boksçu bu barədə “Netflix” platformasında yayımlanacaq sənədli filmdə danışıb. Onun həyat yoldaşı Paris Fyuri də filmdə həmin çətin dövrün təfərrüatlarını bölüşüb.
Füri bildirib ki, 2015-ci ildə Vladimir Kliçkoya qalib gəldikdən sonra vəziyyəti getdikcə pisləşib. O, başında səslər eşitdiyini, həmin səslərin özünə və ailəsinə zərər verməklə hədələdiyini deyib.
Boksçunun sözlərinə görə, 2016-cı ilin iyununda infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirildikdən sonra psixoloji vəziyyəti də araşdırılıb. Həkimlər əvvəlcə onda güclü təşviş tutması olduğunu müəyyən ediblər. Daha sonra psixiatr müayinəsindən keçən Füyriyə şizofreniya və bipolyar pozuntu diaqnozları qoyulub.
“Yaşadığım qaranlığı sözlə ifadə etmək mümkün deyil. Sanki cəhənnəmin içində yaşayırdım. Qapısı kilidlənmiş, yumşaq divarlı bir otağa salınacağımdan qorxurdum”, – deyə idmançı bildirib.
O, həmin dövrdə narkotik və alkoqol asılılığı ilə də mübarizə apardığını, ciddi şəkildə kökəldiyini və uzun müddət normal həyatına qayıda bilmədiyini söyləyib.
Fyuri 2017-ci ildə dönüş nöqtəsinin baş verdiyini qeyd edib. Hellouin gecəsində öz görünüşündən utandığını və həyatını dəyişmək qərarına gəldiyini deyib. Bundan sonra ailəsinə daha çox vaxt ayırmağa və yenidən məşqlərə qayıtmağa başlayıb.
Onun bu mübarizəsi 2020-ci ildə Deontey Uaylder üzərində qələbə və dünya çempionluğu ilə nəticələnib.
Qeyd edək ki, Tayson Fyuri dekabrın 11-də Kardiffdə həmyerlisi Entoni Coşua ilə çoxdan gözlənilən döyüşə hazırlaşır. Qarşılaşmanın “Netflix” platformasında canlı yayımlanacağı bildirilir.
1 mənbə
