Tarixi Zəfərdən Böyük Qayıdışa...

2 dəq oxu
Xəbər
20 Noyabr – Azərbaycan xalqının tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Ağdam şəhərinin Ermənistanın işğalından azad edilməsi, tarixi ədalətin bərpası və doğma torpaqlarımıza Böyük Qayıdış yolunda yeni mərhələnin başlanması ilə yadda qalıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın qəhrəmanlıq salnaməsinin, milli birliyinin və sarsılmaz iradəsinin təcəssümüdür.
2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı, xalqımızın nümayiş etdirdiyi həmrəylik və birlik nəticəsində 44 gün ərzində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbə Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı digər əraziləri boşaltmağa məcbur etdi.
Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, Ağdam uzun illər davam edən işğaldan azad edildi və bu proses zamanı əlavə insan tələfatının qarşısı alındı. Ağdamın hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarılması ölkəmizin yalnız hərbi deyil, həm də siyasi və diplomatik müstəvidə qazandığı böyük uğurun göstəricisi oldu.
Lakin azad edilmiş Ağdam bizi sevinc və qürur hissləri ilə yanaşı, erməni vandalizminin acı nəticələri ilə də üz-üzə qoydu. Vaxtilə Azərbaycanın ən gözəl və abad şəhərlərindən biri olan Ağdam işğal dövründə tamamilə dağıdılmış, tarixi-mədəni irsimizə, dini abidələrimizə, yaşayış evlərinə və sosial infrastruktura ağır zərbə vurulmuşdu.
Bu gün isə Ağdamda tamamilə fərqli mənzərənin şahidi oluruq. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Ağdamın da yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib. Şəhərin Baş planı əsasında müasir infrastrukturun yaradılması, yolların, yaşayış komplekslərinin, təhsil və səhiyyə müəssisələrinin, sosial və mədəni obyektlərin inşası istiqamətində ardıcıl işlər görülür. Eyni zamanda, ərazilərin minalardan təmizlənməsi, təhlükəsiz yaşayış şəraitinin yaradılması və iqtisadi potensialın bərpası əsas prioritetlərdəndir.
Ağdamın yenidən qurulması sadəcə dağıdılmış şəhərin bərpası deyil, həm də milli iradənin, dövlətin gücünün və xalqımızın quruculuq əzminin nümayişidir. Bu gün Ağdamda həyata keçirilən layihələr şəhərin gələcəkdə Azərbaycanın ən müasir və inkişaf etmiş yaşayış məkanlarından birinə çevriləcəyinə əminlik yaradır. Doğma yurdlarına qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi Böyük Qayıdış strategiyasının əsas məqsədlərindəndir. Ağdam yenidən öz əvvəlki şöhrətinə qovuşacaq, sakinlərinin doğma ocaqlarına qayıdışı ilə həyatın, quruculuğun və inkişafın ünvanına çevriləcəkdir.
Bu xəbəri 2 mənbə yazıb
Dərc vaxtına görə
- Orijinal
- Orijinal
Redaktor.azoxuduğunuz
Tarixi Zəfərdən Böyük Qayıdışa...



