Tarixi əhəmiyyətli sənəd

4 dəq oxu
Xəbər
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalamaları ilə ikitərəfli münasibətlərdə tarixi hadisə baş verdi və yeni bir tarix yaradıldı.
Məlumdur ki, hər hansı bir ikitərəfli və ya beynəlxalq sənədin imzalanması mərasimi bir gündə baş versə də, hazırlanması bir gündə olmur, bəlli zaman aparır. Ortaq maraqlar olmasa sənədlər hazırlanmır və imzalanmır. Ona görə də dövlət rəhbəri tərəfindən müəyyənləşdirilən vahid xarici siyasət xəttini həyata keçirən diplomatiya danışıqlar zamanı ortaq maraqları və onların reallaşdırılması yollarını müəyyənləşdirir. Bunda əsas rolu dövlət və hökumət başçılarının siyasi iradəsi oynayır. Bəs strateji tərəfdaşlıq özündə nəyi ehtiva edir?
Strateji tərəfdaşlıq nə deməkdir?
Dövlətlər arasında adi əməkdaşlıqdan fərqlənən strateji tərəfdaşlıq iki ölkə arasında qısamüddətli deyil, uzunmüddətli qarşılıqlı maraqlara və ortaq niyyətlərə əsaslanan əməkdaşlıq münasibətlərinin yaradılmasıdır. Bu tərəfdaşlıq qarşılıqlı maraq və faydaya, etimad və qarşılıqlı hörmətə, ortaq strateji məqsədlərə, siyasi, iqtisadi, təhlükəsizlik, hərbi, elmi və digər sahələrdə ümumi hədəflərə, vacib məsələlərdə qarşılıqlı yardıma, bütövlükdə müxtəlif sahələrdə geniş əməkdaşlığa əsaslanır.
İki dövlətin prinsiplərini, məqsədlərini və niyyətlərini elan edən hüquqi-siyasi əhəmiyyət daşıyan bəyannamənin hazırlanmasını və imzalanmasını hansı amillər zəruri edib?
Nə üçün Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə?
Dərin tarixi köklərə dayanan qarşılıqlı münasibətlərə bir növ yekun vuran və yeni keyfiyyət mərhələsinin başlanğıcını qoyan bu sənədin imzalanmasını bir sıra amillər zəruri edib.
İlk növbədə, sənəd iki ölkə arasında təməlləri möhkəm olan uzunmüddətli münasibətlərə, 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və əməkdaşlıq, 1998-ci il 21 iyul tarixli Dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamələrə əsaslanır. Bu, xronologiya münasibətlərin davamlı inkişafının göstəricilərindən biridir. Şübhəsiz, münasibətlər inkişaf edib dərinləşməsəydi, tərəflərin maraqlarına cavab verməsəydi və üst-üstə düşməsəydi belə bir sənəd də imzalanmazdı. Deməli, bu sənəd məntiqi olaraq qarşılıqlı maraqlardan, zərurətdən meydana çıxıb.
İkincisi, sürətlə dəyişən, mürəkkəb və ziddiyyətli proseslərin baş verdiyi, Avropada gedən müharibənin və Yaxın Şərqdə münaqişənin nə zaman, necə bitəcəyi və nəticələrinin necə olacağının bilinmədiyi bir zamanda bir sıra dövlətlər, o cümlədən Böyük Britaniya dünyanın ürəyi hesab edilən Avrasiyaya gedən yol zəncirində təkcə əsas həlqə deyil, eyni zamanda qeyri-adi ustalıqla yürüdülən xarici siyasəti və yüksək mədəniyyəti ilə birləşdirici güc, nümunə olan Azərbaycanla əməkdaşlığa ehtiyac duyur. Azərbaycanla bərabərhüquqlu münasibətlər qurmadan dünyanın ürəyinə getmək çətindir.
Mənbə
1 mənbə



