Süni intellekt riyaziyyatçının 1009 səhifəlik qeydlərini deşifrə etdi


Süni intellekt avstriyalı riyaziyyatçı və məntiqçi Kurt Gödelin onilliklər ərzində araşdırılması çətin olan 16 qeyd dəftərini cəmi bir neçə gün ərzində təhlil edib. Əlyazmaların araşdırılması nəticəsində indiyədək diqqətdən kənarda qalan yüzlərlə riyazi teorem üzə çıxıb.
Plat.az xəbər verir ki, bu barədə “Science et Vie” nəşri məlumat yayıb.
Helsinki Universitetinin finlandiyalı alimi Yan fon Plato bildirib ki, Gödelin qeydlərinin deşifrə edilməsi uzun müddət tədqiqatçılar üçün ciddi çətinlik yaradıb. Bunun əsas səbəbi riyaziyyatçının XIX əsrdə geniş yayılmış, lakin sonradan istifadədən çıxmış Qabelsberger stenoqrafiya sistemindən istifadə etməsi olub.
Alimin sözlərinə görə, tədqiqatçılar həftədə təxminən bir səhifəni oxuya bildikləri halda, süni intellekt bütün materialı bir neçə gün ərzində təhlil edib. Sentyabr ayında qeydlərin ilkin deşifrə edilmiş variantı süni intellektə təqdim olunub və cəmi iki gün sonra 650 səhifəlik təhlil hazırlanıb. Fon Plato bu materialı səhifə-səhifə yoxlayıb.
Gödelin yarımçıq qalmış sübutu tapıldı
Araşdırmanın ən mühüm nəticələrindən biri seçim aksiomu ilə bağlı olub. Məlum olub ki, Gödel hələ təxminən 1940-cı illərdə bu sahədə mühüm nəticəyə yaxınlaşıb, lakin onun qeydlərindəki sübut uzun müddət aşkar edilməyib.
1966-cı ildə amerikalı riyaziyyatçı Pol Koen seçim aksiomunun çoxluqlar nəzəriyyəsinin standart aksiomlarından asılı olmadığını sübut etdiyinə görə Filds mükafatına layiq görülmüşdü. Gödel isə oxşar nəticəyə bundan təxminən 20 il əvvəl gəldiyini iddia edirdi.
Süni intellektin təhlili nəticəsində onun qeydlərində həmin sübutun, demək olar ki, tamamlanmış variantı aşkarlanıb. Sübutda təriflə bağlı bir səhv səbəbindən bir addım çatışmayıb. Fon Plato bərpa edilmiş sübutu riyazi yoxlama proqramına daxil edib və sistem onun düzgünlüyünü təsdiqləyib.
663 riyazi müddəa üzə çıxıb
Tədqiqatçılar süni intellektdən Gödelin qeydlərindəki bütün riyazi nəticələri müəyyənləşdirməyi də istəyiblər. Nəticədə 663 müddəadan ibarət siyahı hazırlanıb.
Onlardan təxminən 400-ü heç bir dəyişiklik edilmədən Coq adlı formal sübut yoxlama sisteminə köçürülüb. Daha 200-ə yaxın müddəanın dəqiqləşdirilməsinə ehtiyac yaranıb. Təxminən 50 müddəanın isə yanlış olduğu müəyyən edilib. Maraqlıdır ki, Gödel özü də bəzi səhv nəticələrin yanında almanca “falsch” – “yanlış” qeydi aparıb.
Fon Plato bildirib ki, dəftərlərdə hələ araşdırılmamış çoxsaylı ideyalar qalır. Xüsusilə məntiq sahəsində 1940-cı illərdən bəri diqqətdən kənarda qalan ondan çox mövzu müəyyən edilib.
Alim növbəti mərhələdə Gödelin fizika və kosmologiyaya dair qeydlərini araşdırmağı planlaşdırır. Bu materialların da yeni elmi nəticələrin ortaya çıxmasına imkan verə biləcəyi istisna edilmir.