“Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində” - BSU-da konfrans


Bakı, 19 noyabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) 80 illik yubileyi çərçivəsində “Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilib. Tədbir BSU və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar fonunda regional təhlükəsizlik, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, postmünaqişə dövründə sülh quruculuğu, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və dayanıqlı sülh perspektivlərini müzakirə etmək olub.
BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri professor Əsgər Əhmədin moderatorluğu ilə keçirilən konfransda universitetin rektoru Anar Nağıyev açılış nitqi ilə çıxış edib. O, Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlardan, Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasındakı rolundan və Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərindən danışıb. Rektor, həmçinin BSU-nun beynəlxalq əməkdaşlıq və elmi-tədqiqat istiqamətlərindəki fəaliyyətinə toxunaraq konfransın əhəmiyyətini vurğulayıb.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Cənubi Qafqazın mövcud siyasi və təhlükəsizlik mühitini, Azərbaycan-Ermənistan sülh prosesini və regional əməkdaşlığın perspektivlərini dəyərləndirib.
Konfransın məruzələr hissəsində Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri Mətin Məmmədli “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması: imkanlar və çətinliklər” mövzusunda çıxış edərək sülh prosesinin hazırkı vəziyyəti və qarşıda duran çağırışlardan bəhs edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli “Azərbaycan orta güc kimi” mövzusunda məruzəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində artan siyasi və geosiyasi əhəmiyyətinə, regional və qlobal proseslərdəki mövqeyinə diqqət çəkib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Qarabağda ali təhsilin inkişafı, universitetin fəaliyyəti və postmünaqişə dövründə təhsilin regionun sosial-iqtisadi dirçəlişindəki əhəmiyyəti barədə danışıb.
Sonra Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov “Orta Dəhlizin Avrasiyanın dəyişən geosiyasi arxitekturasında rolu” mövzusunda çıxışında Transxəzər nəqliyyat marşrutunun strateji əhəmiyyətini və regional əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn “Cənubi Qafqazda davamlı sülhün iqtisadi dividendləri: nəqliyyat, enerji və ticarət inteqrasiyasının perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək regional iqtisadi inteqrasiyanın dayanıqlı sülhə verə biləcəyi töhfələrdən bəhs edib.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı mütəxəssisi Fuad Abdullayev “Mədəniyyətlərarası dialoq və postmünaqişə dövründə etimadın bərpası” mövzusunda çıxışında qarşılıqlı etimadın formalaşdırılmasında dialoqun əhəmiyyətini vurğulayıb.
BSU-nun İctimai elmlər kafedrasının müəllimi Nihat İsmayılzadə isə “Ədalətli müharibədən dayanıqlı sülhə: nəzəri yanaşmalar və Cənubi Qafqazda dayanıqlı sülh perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Dərc vaxtına görə