“Sonda qol buraxmağımız məni məyus etdi”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 12-ci turunun “Araz-Naxçıvan”la səfər oyunundan (3:1) sonra mətbuat konfransında fikirlərini bölüşüb.
1Sport.az xəbər verir ki, ukraynalı mütəxəssis qələbəni belə şərh edib:
“Qalib gəldiyimiz üçün sevinirəm. Futbolçulara dedim ki, “Araz-Naxçıvan” sonuncu pillədə olsa da, bu, onların öz yeri deyil. Nəzərə alaq ki, burada süni örtüklü meydançada oynayırdıq. Onlar burada daimi oynayırlar, biz isə yox. Bu baxımdan, bəzən topa nəzarətdə problem yaranırdı, futbolçular topu itirirdi. Məni məyus edən hal odur ki, sonda bir qol buraxdıq. Biz hazırda turnir cədvəlində elə yerdəyik ki, belə qollar buraxmamalıyıq. Bilirsiniz, bu, mənim üçün sanki bal çəlləyinə acı bir şey qatmaq kimi oldu. Daha bir neçə qol vura bilərdik. Oyunu təhlil edəcəyik, nəticələr də çıxaracağıq. Azarkeşlərimizə təşəkkür edirəm. Hər zaman “Neftçi”nin yanındadırlar, bu gün də bizə yüksək səviyyədə azarkeşlik etdilər”.
