Skuterləri səkidə sürənlər 40 manat cərimələnə bilər


Elektrik skuterlərindən istifadə son dövrlərdə geniş yayılıb. Lakin bəzi sürücülərin skuterlərlə səkilərdə hərəkət etməsi piyadalar üçün təhlükəli vəziyyət yaradır.
Bəs elektrik skuteri ilə səkidə hərəkət etmək qanunla qadağandırmı və bu qaydanı pozan şəxsləri hansı cəza gözləyir?
Demokrat.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Toğrul Nasirli bildirib ki, mövcud qanunvericiliyə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin parklarda və həyətlərdə, yaşayış zonalarında, velosiped yollarında, həmçinin yol nişanları və nişanlanma tələblərinə əməl etməklə ümumi istifadədə olan yolların sağ kənar zolağında hərəkətinə icazə verilir.
Onun sözlərinə görə, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə kiçik elektrik nəqliyyat vasitələri ilə hərəkət etmək qadağandır.
Toğrul Nasirli qeyd edib ki, belə hallarda yalnız piyadaların həyat və sağlamlığı üçün təhlükə yaranmır, həm də inzibati məsuliyyət nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, bu qaydanın pozulmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur.
"Bu səbəbdən belə nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməli və məsuliyyətli davranmalıdırlar", – deyə o vurğulayıb. (day.az)
.jpg)