“Sərhədçi” Peşəkar Çövkən Liqasının çempionu olub


Peşəkar Çövkən Liqasının son turunun oyunları keçirilib və mövsümün qalibləri mükafatlandırılıb.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində baş tutan tədbirə Vətən uğrunda canlarından keçmiş şəhidlərin ailə üzvləri və övladları fəxri qonaq qismində dəvət olunublar.
Proqram Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi konsertlə başlayıb. Ardınca liqanın son qarşılaşmaları keçirilib.
Günün matçında “Sərhədçi” və “Elite” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş “Elite”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Lakin yekun turnir cədvəlində daha çox xal toplayan “Sərhədçi” Peşəkar Çövkən Liqasının çempionu olub. “Elite” ikinci, “Polad” isə üçüncü yeri tutub.
Mərasimdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev liqanın oyunlarını idarə edən hakimlərə diplomlar təqdim edib. Komandalar isə qazandıqları yerlərə uyğun olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Çempionluq kuboku “Sərhədçi” komandasının kapitanına təqdim edilib.
Tədbir mükafatçılar və qaliblərin birgə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
