Səməddin Əsədov: Kibertəhlükəsizlik yalnız texnoloji imkanlarla təmin edilə bilməz


“Kibertəhlükəsizlik üzrə maarifləndirmə, insan kapitalının gücləndirilməsi və rəqəmsal savadlılığın inkişafı uzunmüddətli təhlükəsizlik strategiyamızın ayrılmaz hissəsidir”.
ANZ.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Səməddin Əsədov Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, təkcə texnoloji sistemlərin tətbiqi və istifadəçilərin rəqəmsal təhlükəsizlik qaydaları barədə məlumatlandırılması arzuolunan nəticəni təmin etmir.
Onun sözlərinə görə, həyata keçirilən maarifləndirmə tədbirləri vasitəsilə minlərlə vətəndaş məlumatlandırılıb. Tərəfdaş qurumların dəstəyi ilə 4 milyondan çox vətəndaşa xəbərdarlıq bildirişləri göndərilib, sosial mediada maarifləndirici paylaşımlar milyonlarla baxış toplayıb.
Səməddin Əsədov bildirib ki, Azərbaycanın bölgələrindəki məktəblərdə şagirdlər üçün kibertəhlükəsizlik təlimləri keçirilib, uşaqların bu sahədə maarifləndirilməsi tədris proqramına inteqrasiya edilib.
Nazir müavini vurğulayıb ki, dövlətlərin rəqəmsal mühitdə dayanıqlılığını yalnız texnoloji imkanlar deyil, həm də insan kapitalı, təhlükəsizlik potensialı və institusional hazırlıq səviyyəsi müəyyən edir.
O, kibertəhdidlərin sərhəd tanımadığını diqqətə çatdıraraq dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsinin, təhdidlər barədə operativ məlumat mübadiləsinin, kiberinsidentlərə birgə hazırlığın və beynəlxalq əməkdaşlığın praktik mexanizmlərinin işə salınmasının vacibliyini qeyd edib.
Səməddin Əsədov Azərbaycanın bu istiqamətdə fəaliyyətini davam etdirməyə, regional və beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsini genişləndirməyə və təhlükəsiz rəqəmsal cəmiyyətin formalaşmasına töhfə verməyə hazır olduğunu bildirib.
1 mənbə
Report+22 mənbə