Şahlar Əsgərovdan BDU-nun yeni rektoru ilə bağlı FİKİRLƏR


“BDU-da həm təhsil, həm də elm var. Universitet təhsilinin mürəkkəb məzmununda uğur qazanılarsa, bu, hamımızı sevindirər”.
AzEdu.az xəbər verir ki, bu sözləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd edib.
"Təhsil mürəkkəb və çox vacib sahədir. Geniş yayılmış düşüncəyə görə, “hər ölkənin gələcəyi, o ölkənin insanlarının alacağı təhsilə bağlıdır”. Bu səbəbdən Məleykə xanıma çox vaxt opponentlik etmişəm. Bu gün də hesab edirəm ki, ali məktəbə girmək üçün abituriyentlər testdən keçməlidirlər, ancaq ali məktəbi və ixtisası özləri seçməlidir. İndi də belə düşünürəm. BDU-ya rektor təyinatı ilə bağlı bir neçə söz demək istəyirəm. Bunun üçün təhsili üç hissəyə bölmək lazımdır:
a) təhsilin idarə olunması;
b) təhsilin məzmunu;
c) biliyin qiymətləndirilməsi.
Məleykə xanım ömrünün yarısınını biliyin qiymətləndirilməsinə həsr edib. Bu sahədə onun bilik qıtlığı yoxdur. Təhsilin idarə olunmasında da güclü menecerdir, belə ki, mətbuata açıqdır, prinsipaldır, dürüstlüyü kifayət qədərdir. Əgər 30 il məmur bir sahəyə rəhbərlik edirsə, deməli, idarə etmə potensialı lazımı qədərdir. Təhsilin ağırlıq mərkəzi onun məzmunundadır. Məlumdur ki, orta məktəb eyniləşdirir, ali məktəb isə müxtəlifləşdirir. Orta məktəb dəyər yaratmır, ancaq tarix boyu yaradılmış dəyərləri gənc nəslə ötürür. Dəyərləri təmiz elm yaradır. Saxta elm dəyər yaratmır. BDU-da həm təhsil, həm də elm var. Universitet təhsilinin mürəkkəb məzmununda uğur qazanılarsa bu hamımızı sevindirər və alqışlanar. Gənclərimizin bilikli və vətənpərvər böyüməsi üçün, təhsilin məzmunu mükəmməl olmalıdır. Elə olmalıdır ki, gənclər orta məktəbi qurtardıqdan sonra ümumi mənafeni, şəxsi mənafedən üstün tuta bilsinlər. Təbrik edirəm və uğurlar diləyirəm!".