Şahin Şahniyarov: Ayxan Abbasovun dövründə milliyə dəvət almamışam - MÜSAHİBƏ


“Qəbələ”nin futbolçusu Şahin Şahniyarovun səfərdə “Şəfa” üzərində 2:0 hesabı ilə qələbə qazandıqları Misli Premyer Liqasının XII tur matçından sonra Sportify.az-a müsahibəsi:
– “Qəbələ ilə vacib qələbə qazandınız və turnir cədvəlində bir pillə irəlilədiniz. Bu qələbə növbəti oyunlar üçün stimul olacaq?
– Əlbəttə, oyuna yaxşı hazırlaşmışdıq. Çünki bu qarşılaşmanın bizim üçün nə qədər vacib olduğunu bilirdik. Demək olar ki, bu, 3 xallıq yox, 6 xallıq oyuna bərabər idi. Məğlub olsaydıq, “Şamaxı” bizə çatacaqdı və bu, komandamız üçün ciddi təzyiq yaradacaqdı. Sevindirici haldır ki, yaxşı hazırlaşdıq və qələbə qazandıq. Əlbəttə, hər qələbə gələcək oyunlar üçün stimul verir.
– Komandanın mövsüm üçün qarşısına hansı hədəf qoyulub?
– Artıq birinci dövrə başa çatıb və bütün rəqiblərlə qarşılaşmışıq. Özümüz də görürük ki, bütün komandalarla başabaş mübarizə aparmaq mümkündür. Demək olar ki, bütün rəqiblərlə bərabər səviyyədə oyun keçirmişik. Buna görə də çalışırıq ki, hər matçda maksimum nəticə qazanaq. İstəyirik ki, bacardığımız qədər yüksək pillələr uğrunda mübarizə aparaq.
– “Şəfa” indiyədək yeganə qələbəsini məhz sizin komandanıza qarşı qazanmışdı. Bu məqam bugünkü qarşılaşma öncəsi sizə əlavə motivasiya verirdi?
– Əlbəttə. “Şəfa”nın 5 xalı var idi. Bizimlə oyuna qədər bir qələbə qazanmış, iki dəfə heç-heçə etmişdilər. Həmin yeganə qələbənin də bizim üzərimizdə olması xoşagələn hal deyildi. Buna görə də bu matça ikiqat motivasiya ilə hazırlaşmışdıq.
– Bu mövsüm az oyun şansı qazanan futbolçulardan biri olmusan. Limitin olmadığı bir vaxtda mövqeyində rəqabət aparmaq nə dərəcədə çətindir? Gözlədiyin qədər şans əldə etmisən?
– Əslən gəncəliyəm, amma “Qəbələ” Futbol Akademiyasının yetirməsiyəm. 12 yaşımdan bu klubda məşq edirəm və oynayıram. “Qəbələ” hər zaman öz yetirmələrinə şans verən komanda kimi tanınıb. Büdcəsi böyük olmasa da, klub gənc futbolçularına üstünlük verir. Əlbəttə, mövqeyimdə rəqabət var. Amma çalışıram ki, hər məşqdə və meydana çıxdığım hər oyunda özümü yaxşı tərəfdən göstərim, verilən şansdan maksimum istifadə edim. Rəqabətdə geri qalmaq istəmirəm. Futbolda yerli və ya legioner anlayışı olmamalıdır. Kim daha yaxşıdırsa, o da oynamalıdır. Mən də hər zaman maksimumumu verməyə çalışıram.
– Komanda yoldaşın Eşqin Tağıyev artıq milliyə dəvət alıb və qol da vurub. Sən də gələcəyinə böyük ümidlərlə baxılan futbolçulardansan. Milli komandaya dəvət almaq üçün nə etmək lazımdır?
– Əlbəttə, hər bir futbolçu milli komandada forma geyinmək istəyir. Eşqin mənim ən yaxın dostlarımdan biridir. Onun bu uğuruna və qol vurmasına çox sevindim. Mən də milli komandaya dəvət almaq istəyirəm. Əvvəllər, aşağı liqada çıxış etdiyim vaxtlarda milliyə dəvət almışam. Ancaq istəyirəm ki, bu, artıq daimi olsun və millidə özümə yer edim. Bunun üçün çalışıram. Son qərarı məşqçilər verir. Nə vaxt məni hazır hesab etsələr, o zaman dəvət alacağam.
– Səhv etmirəmsə, ilk dəfə Fernando Santuş səni milliyə dəvət edib. Ayxan Abbasovun dövründə isə çağırılmamısan. Bunda xüsusi bir səbəb görürsən?
– Hər məşqçinin öz sistemi və bəyəndiyi futbolçu tipi var. Əgər Ayxan müəllimin dövründə milli komandaya dəvət almamışamsa, deməli, üzərində işləməli olduğum məqamlar var. Hələ ki, məni tam hazır hesab etməmiş ola bilərlər. Əlbəttə, hər şey milli komandadan ibarət deyil, amma ora düşmək üçün çalışmaq lazımdır.
– Gənc futbolçularla bağlı tez-tez belə bir fikir səsləndirilir ki, uğur qazandıqdan və milliyə dəvət aldıqdan sonra arxayınlaşırlar. Sən bu məsələyə necə yanaşırsan?
– Mən həmişə psixologiyama fikir verən insan olmuşam. Uğur qazansam belə, keçdiyim yolu və başladığım yeri daim xatırlayacağam. Heç vaxt arxayınlaşmaq istəmirəm.
– Vaxtilə Elxan Şahinyarov adlı futbolçu var idi. Onunla qohumluq əlaqəniz var?
– Xeyr, heç bir qohumluq əlaqəmiz yoxdur.
1 mənbə
