Sağlam uşağını 175 dəfə həkimə apardı, HƏBS EDİLDİ


ABŞ-nin Qərbi Virciniya ştatında 29 yaşlı qadın sağlam iki yaşlı oğluna lazımsız tibbi prosedurlar və əməliyyatlar etdirilməsi ilə bağlı ittiham olunub.
Bakıvaxtı.az xəbər verir ki, “People” nəşrinin məlumatına görə, Emily Guzman uşağa ağır bədən xəsarəti yetirməklə nəticələnən səhlənkarlıq və uşaq istismarı ittihamları ilə üzləşib.
Müstəntiqlər müəyyən ediblər ki, qadın uşağının sağlamlıq vəziyyəti barədə həkimlərə yanlış məlumat verərək lazımsız müayinələrə və tibbi müdaxilələrə səbəb olub. İki yaşlı uşaq iki il ərzində təxminən 175 dəfə həkimə aparılıb.
Bildirilir ki, Guzman həkimlərə oğlunun qidalanma problemi və qusma şikayətləri olduğunu deyib. Nəticədə uşağa oktyabrın 1-də qidalanma borusu yerləşdirilməsi üçün qastrostomiya əməliyyatı aparılıb.
Qadın uşağının qidalanma rejimi barədə məlumatları qəsdən təhrif etdiyini etiraf edib. O bildirib ki, həkimlər həqiqəti bilsəydilər, əməliyyata ehtiyac qalmazdı. Uşağı müayinə edən cərrah və dietoloq da daha az invaziv müalicənin mümkün olduğunu bildiriblər.
Qadının həyat yoldaşı Milton Guzman Cisneros da saxlanılıb. Evdə aparılan axtarış zamanı antisanitariya, zibil, həşəratlar və qurumuş nəcis aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Murad İsmayıl
