Sabit və dəyişən faizli kredit: Hansı sərfəlidir?


Banklar tərəfindən təqdim olunan kreditlərdə faiz dərəcələri fərqli ola bilər. Bəzi kreditlərdə faiz bütün müddət ərzində sabit qalır, digərlərində isə bazardakı iqtisadi vəziyyətdən asılı olaraq dəyişir. Bu isə həm banklar, həm də kredit götürən vətəndaşlar üçün müəyyən risklər yaradır.
Bəs sabit və dəyişən faizli kreditlər arasında seçim edərkən nələrə diqqət edilməlidir? Hansı faiz modeli bank və borcalan üçün daha sərfəlidir?
Bank məsələləri üzrə mütəxəssis Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, kreditlərdə sabit və dəyişən faiz anlayışlarını bir-birindən fərqləndirmək lazımdır.
Onun sözlərinə görə, sabit faizli kredit zamanı şəxs banka müraciət edir və kredit müqaviləsi imzalayır:
"Müqavilədə əvvəlcədən müəyyən edilmiş faiz dərəcəsi və digər şərtlər göstərilir. Həmin faiz dərəcəsi kredit müddəti ərzində dəyişmir və borcalan aylıq ödənişlərinin nə qədər olacağını əvvəlcədən bilir. Ödəniş cədvəli də həmin faiz dərəcəsinə uyğun hazırlanır. Kredit müddəti ərzində müqavilədə göstərilən faiz dərəcəsi dəyişmir. Düzdür, faktiki illik faiz dərəcəsi müqavilədə qeyd olunan nominal faizdən fərqlənə bilər. Amma bu fərqin sabit və ya dəyişən faizlə birbaşa əlaqəsi yoxdur. Çünki kreditin əsas borcu azaldıqca həmin borca hesablanan faiz məbləği də azalır. Burada faiz dərəcəsi sabit qalır, sadəcə hesablanan faiz məbləği dəyişir. Məsələn, müqavilədə illik 30 faiz göstərilibsə, bu faiz dərəcəsi kredit müddətində dəyişməz qalır. Lakin əsas borc hər ay ödənildikcə qalıq məbləğ azalır və nəticədə həmin məbləğə hesablanan faiz də aşağı düşür. Buna görə də ümumi ödəniş cədvəlini təhlil edərkən faiz məbləğlərinin tədricən azaldığını görürük. Faktiki illik faiz dərəcəsi isə başqa anlayışdır. Burada kredit üzrə ödənilən faizlərlə yanaşı, kreditin rəsmiləşdirilməsi zamanı tutulan komissiyalar və digər xərclər də nəzərə alınır. Məsələn, müqavilədə 30 faiz göstərilə bilər, lakin ödəniş qrafiki və digər xərclər əsasında hesablanan faktiki illik faiz dərəcəsi fərqli ola bilər. Yəni sabit və dəyişən faiz anlayışlarını faktiki illik faiz dərəcəsi ilə qarışdırmaq olmaz. Bunlar fərqli məsələlərdir. Sabit və dəyişən faiz arasındakı əsas fərq kredit müddətində tətbiq olunan faiz dərəcəsinin dəyişib-dəyişməməsidir".
