“Sabah debüt etməyən olmayacaq” - Ayxan Abbasov


Azərbaycan millisi sabah Andorra yığması ilə yoxlama oyununda qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, görüşdən əvvəl keçirilən mətbuat konfransında milli komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Baş məşqçi qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“İlin son oyunudur. Stressli matçdan sonra yoldaşlıq görüşüdür. Andorra inkişaf edən millidir. Məşqçiləri 16 ildir bu yığmada çalışır. Sabah rotasiyalı heyətlə meydana çıxacağıq. Gənclərə şans vermək istəyirik. Gəncləri milliyə qazandırmaq üçün yaxşı vaxtdır. Qalib gəlmək istəyirik”.
Penalti zərbələrini kimin yerinə yetirəcəyi ilə bağlı danışan Abbasov bildirib: “Emin əsas penalti vuranımızdır, sonra Toral. Meydanda olsa, o vuracaq”.
Anton Krivoytsyukun vəziyyətinə də aydınlıq gətirən baş məşqçi deyib: “Soyuqdəymə olub. Vəziyyəti yaxşı deyil. Həkim məsləhət görmədi oynamağını”.
Abbasov sabah zədələnən Aydın və Anton istisna olmaqla, bütün futbolçuların oynaya biləcəyini qeyd edib:
“Sabah zədələnən Aydın və Antondan başqa hamı oynayacaq. Debüt etməyən olmayacaq (gülür)”.