“S&P” Azərbaycana aid fondun reytinq proqnozunu artırıb


“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) uzunmüddətli kredit reytinqi üzrə proqnozu “sabit”dən “müsbət”ə dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, Agentlik Fondun uzunmüddətli və qısamüddətli emitent kredit reytinqləri müvafiq olaraq “BB” və “B” səviyyələrində təsdiqləyib.
“S&P”nin qiymətləndirməsinə görə, 2025–2026-cı illərdə Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin birləşdirilməsindən sonra ABİF-in hökumətlə əlaqələri möhkəmlənib. Fond 2026-cı ilin fevralında yeni limit sistemi təsdiqləndikdən sonra maliyyə institutlarına kredit verməyi bərpa edib və sahibkarlar üçün yeni məhsullar təqdim edib.
Agentliyin məlumatına görə, neft hasilatının azalması fonunda hökumət özəl qeyri-neft sektoruna Fond vasitəsilə göstərilən dəstəyin həcmini artırmağı nəzərdən keçirir. 2022–2026-cı illərdə hökumət ABİF-ə və onun sələflərinə 263 milyon manat vəsait ayırıb, Fond vasitəsilə isə əlavə 250 milyon manat subsidiya yönəldib.
“S&P” dövlət proqramları çərçivəsində maliyyə institutlarına verilən kreditləri və likvid vəsaitlərin həmin qurumlarda yerləşdirilməsini Fondun əsas kredit riski mənbəyi hesab edir. Agentlik tənzimləyici tədbirlər nəticəsində ölkənin bank sektorunda kreditləşmə və kredit riskinin qiymətləndirilməsi standartlarının yaxşılaşdığını qeyd edib.
Azərbaycanın suveren kredit qabiliyyəti yaxşılaşarsa və ya ölkədə fəaliyyət göstərən bankların üzləşdiyi kredit riski azalarsa, “S&P” qarşıdakı 12–18 ay ərzində Fondun reytinqlərini yüksəldə bilər.
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
“S&P” Azərbaycana aid fondun reytinq proqnozunu artırıb