Rusiya yeni YARS-ı döyüş meydanında tətbiq etməyə başlayıb


Rusiya T-72 tankının şassisi əvəzinə T-80 tankının şassisi üzərində qurulan TOS-1A BM-2M “Solntsepyok” termobarik yaylım atəşli reaktiv sisteminin yeni versiyasını Dnepropetrovsk istiqamətindəki əməliyyatlarda istifadə etməyə başlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yayımladığı görüntülərdə məlumat verilib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı kadrlarda sistemin döyüş meydanındakı fəaliyyəti əks olunub. Yenilənmiş versiyanın əsas fərqi T-80 tankının şassisi üzərində qurulmasıdır. Bildirilib ki, bu dəyişiklik texnikanın sürətlənmə göstəricilərini və atışdan sonra mövqeyini dəyişmək imkanlarını artırıb.
Yeni sistem atəş tapşırığını yerinə yetirdikdən sonra bir neçə dəqiqə ərzində mövqeyini tərk edə biləcək şəkildə hazırlanıb. Bu imkanın texnikanın əks-batareya atəşinə və FPV PUA-larına məruz qalma riskini azaltması hədəflənir.
TOS-1A “Solntsepyok” termobarik raketlərlə tam yaylım atəşini bir neçə saniyə ərzində həyata keçirə bilir. Sistemin döyüş sursatları on minlərlə kvadratmetr ərazini təsir altına ala bilir. Yeni versiyanın bölmələrə əlavə müdafiə sistemləri ilə təchiz edilmiş vəziyyətdə təhvil verildiyi bildirilir.
Rusiya müdafiə sənayesi şirkəti “Rostec” T-80 şassisi üzərində qurulan yeni versiyanın yüksək hərəkət qabiliyyətinə diqqət çəkərək sistemin qısa müddətdə atəş açıb daha sonra mövqeyini tərk edə bildiyini açıqlayıb.
“Rostec”in bəyanatında deyilir: “Uçan tank” kimi tanınan T-80-in şassisi əsasında hazırlanmış yeni TOS versiyası yüksək sürətlənmə dinamikası nümayiş etdirir. Bu, sürətlə hücum etməyə və daha sonra mövqeyi daha tez tərk etməyə imkan verir. Modernləşdirilmiş sistem bir neçə dəqiqə ərzində hədəfə zərbə endirərək mövqeyini tərk edə bilir. Beləliklə, düşmənin əks-batareya atəşi və FPV PUA-larından qaynaqlanan təhdidlər minimuma endirilir. Hərbi qulluqçular da texnikanın bu xüsusiyyətlərini təsdiqləyirlər”.
Sevinc Əliyeva Ordu.az