Rusiya Ukraynaya 186 PUA ilə hücum edib, hava hücumundan müdafiə qüvvələri 161 PUA-nı məhv edib


Rusiya qoşunları noyabrın 22-nə keçən gecə Ukraynaya 186 kamikadze PUA-sı buraxıb, Ukrayna hava hücumundan müdafiə qüvvələri onlardan 161-ni məhv edib və ya zərərsizləşdirib.
Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, hücum zamanı 72-si reaktiv mühərrikli olmaqla, ümumilikdə 186 “Shahed” tipli kamikadze PUA-sı, “Gerbera” və “Parody” tipli aldadıcı PUA-lardan istifadə edilib.
Rusiya qüvvələri PUA-ları Oryol, Smolensk, Kursk və Rostov vilayətlərindən, Krasnodar diyarından, eləcə də işğal altındakı Krım və Donetsk ərazilərindən buraxıb.
Hava hücumunun qarşısı Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası, zenit-raket bölmələri, radioelektron mübarizə və insansız sistemlər bölmələri, həmçinin mobil atəş qrupları tərəfindən alınıb.
İlkin məlumatlara əsasən, saat 08:00-a olan vəziyyətə görə, hava hücumundan müdafiə qüvvələri 56-sı reaktiv mühərrikli olmaqla, 161 rus PUA-sını vurub və ya zərərsizləşdirib. Bunların arasında “Shahed” tipli PUA-lar, “Gerbera” və digər tipli pilotsuz vasitələr olub.
Rusiya hava hücumu vasitələrinin 18 nöqtədə hədəflərə dəydiyi, vurulan PUA-ların qalıqlarının isə altı nöqtəyə düşdüyü qeydə alınıb.
Hücum davam edir və hazırda Ukrayna hava məkanında bir neçə Rusiya PUA-sı qalır.
Xatırladaq ki, Kiyev vilayətinin Vışqorod rayonunda Rusiya PUA-sının hücumu nəticəsində beşmərtəbəli yaşayış binasına ciddi ziyan dəyib. Binada yanğın baş verib, birinci mərtəbədən beşinci mərtəbəyədək mənzillər dağılıb.
Sevinc Əliyeva Ordu.az
Olke.az+1 mənbə