Rusiya “Tu-95MS” bombardmançılarını və “İl-76” təyyarələrini Vyetnama göndərib, iki gündən sonra geri qaytarıb


İki “Tu-95MS” strateji bombardmançısı və iki “İl-76” hərbi-nəqliyyat təyyarəsi Vyetnamın Dananq şəhərində iki gün qaldıqdan sonra Rusiyaya qayıdıb.
“AviVector”un qeydə aldığı məlumata görə, Rusiya aviasiya qrupu Vyetnamın “Dananq” hava limanında iki gün qaldıqdan sonra geri qayıdıb. Qrup iki “Tu-95MS” strateji bombardmançısından və iki “İl-76” hərbi-nəqliyyat təyyarəsindən ibarət olub. Təyyarələr Rusiyanın Uzaq Şərqində yerləşən “Ukrainka” aviabazasına qayıdıblar.
“Defense Express” nəşri daha əvvəl 1993-cü ilədək Vyetnamda “Tu-142” və “Tu-95RTs” təyyarələrinin yerləşdirildiyini, indi isə ölkəyə “Tu-95MS” bombardmançılarının gəlməsinin nə məna daşıya biləcəyini təhlil etmişdi.
Bu səfərin məqsədi ilə bağlı suallar yaranır. İlk baxışdan Rusiya uzaqmənzilli aviasiyasının 1993-cü ildə Kamran aviabazasından çıxarılmasından sonra ilk dəfə Vyetnamdakı mövcudluğunu bərpa etməyə çalışırmış kimi görünürdü.
Mətbuatda geniş yayılan ehtimallardan biri bu idi ki, Rusiya Vladimir Putin, Donald Tramp və Si Cinpinin iştirakı ilə keçirilməsi gözlənilən sammit ərəfəsində güc nümayiş etdirməyə çalışıb.
Lakin “Tu-95MS” və “İl-76” təyyarələrinin Vyetnama uçuşunun iki gün davam edən bu səfəri nəzərdə tutulan məqsədə çatmamış ola bilər. Çünki bu hadisəyə hətta müdafiə məsələlərini işıqlandıran ixtisaslaşmış Qərb mediasında da ciddi diqqət yetirilməyib.
Bunun əvəzinə başqa bir məqam diqqət çəkir. “Tu-95MS” bombardmançılarının Vyetnamın Dananq şəhərinə uçduğu vaxt Qərb mediası Yaponiya və Tayvan administrasiyasının özünümüdafiə qüvvələrinə məxsus qırıcıların görünməmiş məsafəyə uçan Rusiya uzaqmənzilli aviasiya təyyarələrini qarşılamaq üçün havaya qaldırıldığını yazıb.
Başqa sözlə, Rusiya “Tu-95MS” bombardmançıları bir uçuş çərçivəsində faktiki olaraq rekord məsafə qət edərək həm Yaponiya, həm də Tayvan administrasiyası üçün təhlükə yarada biləcəklərini nümayiş etdiriblər. Hazırkı mərhələdə bu uçuşun qarşısını almaq mümkün olmayıb.
Ehtimal olunur ki, Kreml 1993-cü ildən sonra “Tu-95MS” bombardmançılarının Vyetnama ilk uçuşundan ümumi güc nümayişi və Qərb mediasında informasiya-psixoloji təsir yaratmaq məqsədilə istifadə etməyi planlaşdırıb. Lakin bu hesablamalar özünü doğrultmayıb.
Bununla belə, hadisə başqa bir məqamı gündəmə gətirib. Mövcud şəraitdə Rusiya “Tu-95MS” bombardmançıları Tayvan administrasiyasına zərbələr endirmək üçün də istifadə oluna bilər. Hələlik belə bir ehtimalın qarşısını alacaq hər hansı mexanizm mövcud deyil.
Sevinc Əliyeva Ordu.az
