Rövşən Əsgərov Moskvada qiyabi mühakimə olunacaq


Ajans.az xəbər verir ki, Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi onun barəsində açılmış cinayət işinə baxacaq. Məhkəmənin mətbuat xidmətinin məlumatına görə, iş materialları artıq məhkəməyə daxil olub və qiyabi baxılması üçün hakimə göndərilib. İclasın tarixi hələ müəyyən edilməyib.
Rusiya tərəfi Əsgərovu nasizmin reabilitasiyasında, Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumatların yayılmasında, nifrət və düşmənçiliyin qızışdırılmasında, eləcə də terror fəaliyyətinə açıq çağırışlarda ittiham edir.
O, Rusiya Cinayət Məcəlləsinin 205.2, 207.3, 354.1 və 282-ci maddələri ilə qiyabi ittiham olunub. Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Əsgərov barəsində qiyabi həbs qərarı çıxarılıb və o, beynəlxalq axtarışa verilib.
Rusiya İstintaq Komitəsinin daha əvvəl yaydığı məlumata əsasən, cinayət işi üzrə istintaq başa çatıb. İstintaq iddia edir ki, Əsgərov 2022-ci ildə sosial şəbəkə hesabında Sovet İttifaqının marşalı və SSRİ qəhrəmanı Georgi Jukov haqqında təhqiredici və böhtan xarakterli məlumatlar paylaşıb.
Bundan başqa, Rusiya tərəfi onu dövlət məmurlarına qarşı hücumlara, Rusiya ərazisinin raket və bomba zərbələrinə məruz qalmasına, habelə Ukrayna Silahlı Qüvvələrinin terror aktlarına haqq qazandırmağa çağırışlarda ittiham edir.
Qeyd edək ki, Rövşən Əsgərov Rusiyada xarici agent kimi tanınıb və terrorçularla ekstremistlərin reyestrinə daxil edilib.