Rəşad Sadıqov: Çox məyusedici iki xal itirdik


“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov səfərdə “İmişli” ilə 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqası XII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 44 yaşı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
– Oyun bizim üçün olduqca uğurlu gedirdi. 70-ci dəqiqəyə qədər yaxşı futbol oynayırdıq, 2:0 öndə idik. Yenə qol epizodlarımız var idi. Həmin dəqiqələrdə yəqin ki, hamının ağlından hesabın daha da böyüməsi keçirdi. Amma iki dəqiqə ərzində rəqibin qazandığı iki penalti epizodu ilə oyunda hər şey dəyişdi və hesab bərabərləşdi. Bundan sonra da yaxşı qol fürsətimiz oldu, lakin ondan yararlana bilmədik. Çox məyusedici iki xal itirdik. Bəlkə də ssenari fərqli olsaydı, bu matçda qazandığımız bir xal uğurlu nəticə sayıla bilərdi. Amma 2:0 öndə olduğun, yaxşı futbol oynadığın və hesabı artırmağı düşündüyün dəqiqələrdə iki penalti ilə oyunun ssenarisi dəyişdi. Qəribə vəziyyət yarandı. Səhv etmirəmsə, qol epizodu vermədən iki qol buraxdıq. Bu uğursuz statistika bizim üçün davam edir. Qapımıza yönələn hər üç zərbədən ikisi qolla nəticələnir. Bunun standart vəziyyətdən, yaxud oyundan olmasının fərqi yoxdur. Belə statistika ilə nəticə qazanmaq olduqca çətindir. Hələ ki, bu tendensiya davam edir. İnşallah, növbəti oyunlarda bunu dəyişməyə çalışacağıq”.
– Rəqibin 4 dəqiqə ərzində iki penalti qazanmasına necə yanaşırsınız? Cərimə meydançasında bu qədər asanlıqla penalti təyin olunur, yoxsa hakim qərarlarına daha diqqətlə yanaşmaq lazımdır?
– Epizodlara daha ətraflı baxmamışıq. Yəqin ki, oyundan sonra təhlil edəcəyik. Amma bu barədə uzun-uzadı şərh vermək istəmirəm. Bilmirəm, penalti epizodları var idi, ya yox. Ancaq xırda faullar, xüsusilə də son dəqiqələrdə yersiz fitlər var idi. Oyunun tempi aşağı düşürdü. Həmin dəqiqələrdə əlavə vaxtın 3 dəqiqə olması da diqqət çəkirdi. Dünya futbolunda artıq oyunların sonuna ən azı 5, 6, 7, hətta 8 dəqiqə əlavə edildiyini görürük. Bizdə də belə hallar var. İlk penalti zamanı vaxt itkisi olmuşdu, amma qərar belə verildi və 3 dəqiqə əlavə olundu. Bütün bunlar nəticəyə birbaşa təsir edən amillər olmasa da, oyunun gedişatına təsir göstərir. Penalti epizodlarına baxdıqdan sonra onların nə dərəcədə əsaslı olduğunu dəqiq biləcəyik. Hələlik buna imkanım olmayıb.
– Adətən hakimlərin qərarlarına daha emosional reaksiya verirsiniz. Bu dəfə isə etirazınız nisbətən sakit oldu. İki penalti qərarına daha kəskin reaksiyanız gözlənilirdi…
– Bəzən oyunların gedişatı elə olur ki, səbirli davranmağa məcbur qalırsan. İndi emosiyaya qapılmağın vaxtı deyil. Çünki görürsən ki, qəribə hadisələr baş verir. Bizimlə bağlı danışmağın bir mənası yoxdur. Sadəcə, komandanın daxilində və ətrafımızda baş verən hadisələrə baxırsan, görürsən ki, futboldur, idmandır, belə hallar olur, amma bizdə həddindən artıq çoxdur. Uğursuzluqlar, millimetrlərlə ölçülən epizodlar – bir az ora, bir az bura – bizim oyunlarda həddindən artıq çoxdur. Düşünürəm ki, bu günə qədər ən azı 24-25 xal toplamaq imkanımız var idi. Amma oyunların gedişatı elə alınır ki, futbolda belə məqamların olduğunu qəbul etməli olursan. Bunun nə vaxtsa bitəcəyini, dayanacağını gözləyirik, amma hələ ki, davam edir. İstər zədələrlə bağlı olsun, istərsə də oyun zamanı qapımıza yaradılan hər fürsətin qolla nəticələnməsi ilə. Qapımıza gələn üç zərbədən ikisinin qolla nəticələnməsi tendensiyası Avrokuboklardan başlayıb və bu gün də davam edir. “Torpedo” ilə oyunu çıxmaq şərtilə, həmin dövrdən bəri belə vəziyyətlə üzləşirik. Çempionatda ilk üçlükdə yer alan komandaların nə qədər qol epizodu yaratdığına baxsanız, bizim də kifayət qədər fürsət əldə etdiyimizi görərsiniz. Təəssüf ki, həmin imkanlardan yararlana bilmirik. İstər ilk hissədə, istərsə də 2:0-dan sonra yaranan epizodlarda, son dəqiqələrdə Volkovun yüzfaizlik qol fürsətində çoxsaylı imkanları boşa verdik.
– Bu, futbolçuların ustalığı ilə bağlıdır?
– Təbii ki, burada ustalıq da böyük rol oynayır. Amma həmin futbolçuların başqa epizodlarda fərqləndiyini də görürük. Belə daha rahat fürsətlərdə də qollar vurmalıdırlar. Hələ ki, alınmır. Oyunları rahat başa vura bilmirik. Hesabda önə çıxırıq, qol epizodlarımız olur. Həmin fürsətlərdən yararlansaq, oyun bitəcək. Amma heç bir təhlükə yox ikən rəqib penalti qazanır. Halbuki rəqibin ciddi təzyiqi, təhlükəli hücumu yox idi. Demək olar ki, oyunun həmin anında təhlükə hiss olunmurdu. Rəqibin də motivasiyasının aşağı düşdüyü görünürdü. İlk penaltidən sonra isə təbii olaraq rəqibdə böyük motivasiya yarandı. İkinci penalti də iki dəqiqə sonra qeydə alındı. Bundan sonra qələbə qazanmaq çətin idi.
– Millətlər Liqasının qrup mərhələsini ilk pillədə başa vuran Azərbaycan millisinin çıxışını necə qiymətləndirirsiniz?
– Yaxşı qiymətləndirirəm. Ayxan müəllimi təbrik edirəm. Qrupu ilk pillədə başa vurdular. Bunun üçün çox çalışırdılar, istəkli idilər və sonda məqsədlərinə nail oldular. Ayxan müəllimi ürəkdən təbrik edirəm.
– Emin Mahmudovun millidəki karyerası barədə nə düşünürsünüz?
– Bu barədə də açıqlama vermişik. Təbii ki, Emin Mahmudov Azərbaycan futbolu üçün çox iş görüb, çox şey qazandırıb. Millinin ən çox qol vuran futbolçusu olması da təsadüfi deyil. Eminin yerini doldurmaq asan olmayacaq. Amma ümid edirəm ki, gənc futbolçularımız var və onlar həmin mövqedə Eminin, yaxud başqa futbolçuların təcrübəsindən yararlanaraq tədricən millinin əsas oyunçularına çevrilməyə çalışırlar. İnşallah, gələcəkdə onu əvəz edə bilərlər. Amma bu, asan olmayacaq.
