Rəis müavini: Xəzər sahilindəki ərazilərin planlaşdırılması zamanı mövcud tələblər və ictimai ehtiyaclar nəzərə alınacaq


Bakı, 19 noyabr, AZƏRTAC
Xəzər sahilboyu ərazilərin gələcək inkişafı zamanı ictimai maraqların qorunması, infrastrukturun düzgün təşkili və əhalinin rahatlığının təmin edilməsi əsas prioritetlərdən olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə müvafiq dövlət qurumları və şəhərsalma sahəsinin mütəxəssisləri ilə birgə iş aparılacaq.
“Ərazilərin planlaşdırılması zamanı mövcud tələblər, infrastruktur imkanları və ictimai ehtiyaclar nəzərə alınacaq. Əsas məqsəd həmin əraziləri əhali üçün əlçatan, komfortlu, təmiz və keyfiyyətli ictimai məkanlara çevirməkdir. Eyni zamanda, burada göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi və sahilboyu infrastrukturun müasir tələblərə uyğun formalaşdırılması da diqqət mərkəzində saxlanılacaq. Xəzər sahilinin inkişafına yalnız iqtisadi layihələr prizmasından deyil, həm də insanların gündəlik istirahəti və sosial ehtiyacları baxımından yanaşılmalıdır. Bu, sahilboyu ərazilərin ictimaiyyət üçün daha əlverişli və cəlbedici məkanlara çevrilməsinə imkan verəcək”, - deyə rəis müavini əlavə edib.
Müəllif-Vüqar Qurbanoğlu
