Qızıl medalın sahibi yenə gündəmdə – İmaməddindən növbəti böyük uğur!


ADPU tələbəsi İmaməddin Xəlilov para-taekvondo üzrə dünya çempionatında bürünc medala sahib çıxıb.
News24.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin I tədris ili tələbəsi İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən para-taekvondo üzrə dünya çempionatında uğurlu nəticə göstərib.
İdmançımız yarışın ikinci günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə apararaq bürünc medal qazanıb.
Son paralimpiya çempionu və dünya reytinqinin lideri olan İmaməddin Xəlilov 1/8 final mərhələsində almaniyalı Kolja Grabeni, 1/4 finalda isə türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Həlledici mərhələyə vəsiqə uğrunda meksikalı Juan Garcia ilə qarşılaşan idmançımız bu dəfə rəqibinə məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, İmaməddin Xəlilov indiyədək dəfələrlə qitə və dünya miqyaslı yarışlarda uğur qazanıb. O, 2024-cü ildə Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarı olub. İdmançı həmin yarışlarda 70 kq-dək çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycan tarixində para-taekvondo üzrə ilk paralimpiya çempionu adını əldə edib.
Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə İmaməddin Xəlilov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Xatırladaq ki, idmançı 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul zamanı ADPU-nun Fiziki tərbiyə müəllimliyi ixtisasına müsabiqədənkənar qaydada qəbul edilib. Hazırda universitetin I tədris ili tələbəsidir.
