Qiymətlər maaş artımını üstələyir: Vətəndaşları nə gözləyir?


Son dövrlər bazarlarda və mağazalarda qiymət artımı əhalinin əsas narahatlıqlarından birinə çevrilib. Belə bir şəraitdə minimum əməkhaqqının artırılması məsələsi də gündəmə gəlib. Yanvar ayından minimum əməkhaqqının artırılacağı bildirilsə də, hələlik konkret rəqəm açıqlanmayıb. Hazırda ölkədə minimum əməkhaqqı 400 manatdır. Vətəndaşların əksəriyyəti isə hesab edir ki, maaş nə qədər çox artırılsa, bir o qədər yaxşıdır. Çünki onların sözlərinə görə, əməkhaqqı artmadan belə, mağaza və bazarlarda qiymətlər yüksəlməkdə davam edir.
Bəs minimum əməkhaqqı nə qədər artırıla bilər? İnsanların maaşlarını rahat və səmərəli xərcləyə bilməsi üçün bahalaşmanın qarşısını necə almaq olar?
Globalinfo.az-a danışan iqtisadçı Zahid Məmmədov deyib ki, əməkhaqqını artırmaq sosial siyasətdir, qiymətlərin artımını cilovlamaq isə iqtisadi siyasət:
“Əgər biz birincini həyata keçirib ikincini təmin edə bilmiriksə, onda maaş artımının sosial effekti çox qısa müddətdə itə bilər. Azərbaycan iqtisadiyyatında məqsəd sadəcə nominal gəlirləri artırmaq deyil, əhalinin real alıcılıq qabiliyyətini və həyat səviyyəsini yüksəltmək olmalıdır”.
İqtisadçı bildirib ki, sosial siyasətin əsas meyarı minimum əməkhaqqının neçə manat olması deyil, həmin maaşla insanın necə yaşaya bilməsidir:
“Dövlətin qarşısında iki paralel vəzifə dayanır: bir tərəfdən insanların gəlirlərini artırmaq, digər tərəfdən həmin gəlirlərin inflyasiya nəticəsində əriməsinin qarşısını almaq.vətəndaşın rifahını onun əməkhaqqının nominal məbləği ilə deyil, həmin əməkhaqqına nə qədər məhsul və xidmət ala bilməsi ilə ölçmək lazımdır”.
Z.Məmmədov hesab edir ki, Azərbaycanda minimum əməkhaqqının müəyyən edilməsi üçün aşağıdakı göstəriciləri birləşdirən indeksasiya mexanizminin tətbiqi müzakirə olunmalıdır:
” İllik inflyasiya səviyyəsi;
– Ərzaq qiymətlərinin artım tempi;
– Əmək məhsuldarlığının dəyişməsi;
– Orta aylıq əməkhaqqının artımı;
– Əhalinin minimum istehlak xərcləri.
Belə mexanizm əməkhaqqının siyasi və ya inzibati qərarlardan asılılığını azaltmaqla daha proqnozlaşdırılan sosial siyasətə şərait yarada bilər. İqtisadiyyatda bir anlayış var – real əməkhaqqı. Məsələn, vətəndaşın maaşı 10% artır, amma onun gündəlik istehlak etdiyi məhsulların qiyməti 12% yüksəlirsə, həmin vətəndaşın alıcılıq qabiliyyəti yaxşılaşmır, əksinə, azalır. Ona görə də minimum əməkhaqqının artırılmasını qiymətlərin dəyişməsindən ayrı qiymətləndirmək düzgün deyil”.
Zahid Məmmədov
Bahalaşmanın qarşısını almaq üçün nə etmək lazım olduğunu isə iqtisadçı belə izah edib:
“Mən bu məsələdə beş istiqaməti vacib hesab edirəm.
Birincisi, rəqabət mühitini gücləndirmək. Ərzaq bazarında müəyyən məhsullar üzrə təchizat və satış zəncirində rəqabətin məhdudlaşması qiymətlərin yüksəlməsinə şərait yarada bilər. Antiinhisar nəzarəti formal xarakter daşımamalı, real bazar təhlillərinə əsaslanmalıdır.
İkincisi, kənd təsərrüfatı istehsalını artırmaq.
Azərbaycan ərzaq məhsullarının istehsalında özünütəminetmə imkanlarını genişləndirməlidir. Fermerlərin subsidiyalaşdırılması, ucuz kreditlər, suvarma sistemlərinin yaxşılaşdırılması, logistika və soyuducu anbarların inkişafı vacibdir.
Üçüncüsü, vasitəçilərin sayını və əlavə ticarət xərclərini azaltmaq. Məhsul istehsalçıdan istehlakçıya çatana qədər bir neçə vasitəçidən keçirsə, hər mərhələdə əlavə xərc yaranır.
Topdansatış bazarlarının, kooperativlərin və fermerlərin birbaşa satış kanallarının inkişafı qiymətlərin aşağı düşməsinə kömək edə bilər.
Dördüncüsü, idxaldan asılılığı azaltmaq.
Ərzaq təhlükəsizliyi iqtisadi təhlükəsizliyin tərkib hissəsidir. Əsas ərzaq məhsulları üzrə yerli istehsalın genişləndirilməsi xarici bazarlardakı qiymət dəyişikliklərinin ölkəmizə təsirini zəiflədə bilər.
Beşincisi, aztəminatlı ailələrə ünvanlı sosial dəstək vermək. Hamıya eyni məbləğdə sosial yardım vermək əvəzinə, gəlirləri aşağı olan ailələrin ərzaq, kommunal xidmət və digər zəruri xərclərini nəzərə alan mexanizmlər tətbiq olunmalıdır.
Bir məsələni də vurğulamaq istəyirəm: qiymətləri inzibati qaydada dondurmaq uzunmüddətli həll deyil. Əsas məqsəd qiymətlərin rəqabət, məhsuldarlıq və təklif artımı hesabına sabitləşdirilməsidir”.
Zaira Akifqızı Globalinfo.az