Qılınclıda kənd həyatı iflic olub: 5-6 ailə qalıb, yollar keçilməzdir


Bərdənin Qılınclı (Məmmədli) kəndində yolların bərbad vəziyyətdə olması sakinlərin gündəlik həyatını iflic edib.
SİA xəbər verir ki, xüsusilə yağışlı havalarda yollar palçıq içində qalır, hərəkət etmək mümkünsüzləşir. Kənd sakinləri həm gündəlik işlərinə gedib-gəlməkdə, həm də uşaqlarını məktəbə aparmaqda ciddi çətinliklərlə üzləşirlər.
Kənddə yol problemi artıq dözülməz həddə çatıb. Yağış yağan kimi yollar palçıq gölünə çevrilir, sakinlər addım atmaqda belə çətinlik çəkirlər. Ən acınacaqlı vəziyyət isə məktəbə gedən şagirdlərin yaşadığı çətinliklərdir. Uşaqlar təhsil almaq üçün palçıqlı, keçilməz yollardan istifadə etməyə məcbur qalırlar. Bu isə onların hər gün məktəbə gedib-gəlməsini ciddi problemə çevirir.
Kənddə vəziyyət o qədər ağırdır ki, sakinlərin sözlərinə görə, hazırda cəmi 5-6 ailə yaşayır. Digər ailələr isə əlverişsiz şərait, xüsusilə də yol probleminin yaratdığı çətinliklər səbəbindən kəndi tərk edirlər. Beləliklə, illərlə insanların yaşadığı kənd tədricən boşalır.
Sakinlər üçün problem yalnız yağışlı günlərlə də məhdudlaşmır. Yolların yararsız vəziyyətdə olması gündəlik həyatın bütün sahələrinə təsir göstərir. İnsanlar işə gedib-gəlməkdə, uşaqlar məktəbə çatmaqda çətinlik çəkir, kənddə normal yaşayış şəraiti getdikcə daha da pisləşir.
Kənd sakinləri yaranmış vəziyyətin aradan qaldırılmasını, yolların təmir olunmasını və ərazidə normal hərəkət şəraitinin yaradılmasını istəyirlər. Onların narahatlığına səbəb olan əsas məqam isə kəndin tədricən boşalması və burada yaşamağın getdikcə çətinləşməsidir.
Ayşən Vəli
1 mənbə
