Qərbi Kaspi Universiteti "THE Interdisciplinary Science Rankings 2027" reytinqində 3-cü yerdə qərarlaşdı


Dünyanın nüfuzlu beynəlxalq reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) tərəfindən Schmidt Science Fellows ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Interdisciplinary Science Rankings 2027” reytinqində Qərbi Kaspi Universiteti növbəti uğura imza atıb.
"Bakupost" xəbər verir ki, dünya üzrə 1 058 ali təhsil müəssisəsinin yer aldığı reytinqdə Qərbi Kaspi Universiteti Azərbaycan üzrə 3-cü, dünya üzrə 501–600-cü yerlər intervalında qərarlaşıb.
Reytinqin metodologiyasına əsasən, universitetlərin elmi-tədqiqat potensialı və əldə etdiyi nəticələr üç əsas istiqamət üzrə 11 göstərici əsasında qiymətləndirilir:
Tədqiqat resursları (19%) – elmi tədqiqatların maliyyələşdirilməsi və sənaye sektorundan cəlb olunan maliyyə vəsaitləri;
Tədqiqat prosesinin təşkili (16%) – fəaliyyətin qiymətləndirilməsi mexanizmləri, tədqiqat infrastrukturu, inzibati dəstək və akademik karyera imkanları;
Tədqiqat nəticələri (65%) – elmi nəşrlərin sayı və payı, tədqiqat nəticələrinin digər elm sahələri üçün əhəmiyyəti, elmi tədqiqatların keyfiyyəti və akademik nüfuz.
Əldə edilən bu nəticə universitetin elmi-tədqiqat fəaliyyətinin inkişafı, müxtəlif elm sahələri arasında əməkdaşlığın gücləndirilməsi və beynəlxalq akademik nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm göstəricisi hesab olunur.
