Qəbələdə çəkilən bu video 3.5 milyon izlənildi


Təbii və süni idman meydançalarının layihələndirilməsi, qurulması və daimi baxımı ilə peşəkarlaşan "Caspian Sport and Landscape" şirkətinin sosial şəbəkədə paylaşılan videosu viral olub.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, stadion baxımını nəzərdə tutulan videoya instaqramda 3.5 milyondan çox baxış olub.
Söhbət Qəbələ Şəhər Stadionunun ot örtüyünə edilən qulluqdan gedir. Dünyanın bir sıra ölkələrindən videoya şərh yazan izləyicilər, peşəkar xidməti xüsusilə vurğulayıblar.
Şərh yazanlar arasında Türkiyənin "Qalatasaray" klubunun azarkeşləri də var. Onlar İstanbul təmsilçisinin ev oyunlarını keçirdiyi "Rams Park" arenanın ot örtüyünə də bu cür qulluq edilməsini arzulayıblar.
Qeyd edək ki, "Caspian Sport and Landscape" şirkəti müstəqil aqronomiya ilə yanaşı, stadionlara nəzarət və peşəkar xidmətlər göstərir. Bu sahədə peşəkarlaşmış əməkaşlara sahib olan şirkət, Azərbaycanda AFFA ilə yanaşı, "Qarabağ", "Qəbələ" "Turan Tovuz", "Sumqayıt" kimi klublarla əməkdaşlıq edir. Qətərdə keçirilən dünya çempionatında da öz sözünü deyən Azərbaycan şirkəti, meydançaların UEFA standartlarına uyğun hazırlanması prosesində də iştirak edir. Bundan başqa, şirkət İslam Həmrəyliyi Oyunları zamanı da Bakı Olimpiya Stadionun ot örtüyünün qısa müddət ərzində tamamilə yenilənməsinə tövfə verib.
