Qazanılan böyük qələbə hərb salnaməsinə qızıl hərflərlə yazıldı


Haqq-ədalətə qarşı çıxmaq, onu aradan qaldırmaq mümkünsüzdür. Kimsə və ya kimlərsə, eləcə də qurumlar, dövlətlər güc və ya hiylə vasitələrilə məkrli planlarını həyata keçirsələr, bu, qısamüddətli nailiyyət hesab olunur. Çünki gec-tez haqsızlıq aradan qalxır və ədalət pərpa olunur. Uzağa getmədən misal olaraq 30 il erməni-terrorçu dəstələrinin Azərbaycanın torpaqlarını işğal altında saxlamalarını göstərmək olar. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Ermənistandan işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsini tələb etdilər, BMT Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnamə qəbul etdi, lakin terrorçu toplum tələbləri yerinə yetirmədi. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənlilik və müdrikliklə qurduğu Azərbaycanı Prezident İlham Əliyev müasir dövrün tələblərinə uyğun olaraq inkişafını həyata keçirdi. Sosial-iqtisadi sahədə yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu, Azərbaycan 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başladı və ən müasir silahların ixracatçısına çevrildi.
Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması Ermənistanın işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə sərt reaksiya verdi.
Prezident İlham Əliyev bu dövrü aydın şəkildə təsvir edir: “Bəli, onlar Dağlıq Qarabağı müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap etdilər və bütün ətraf rayonlarımızı Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhər və kəndlərimizin adları dəyişdirildi və nəhayət, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələməyə başladılar. Bunu deyən onların Tonoyan soyadlı müdafiə naziri idi. O bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır”.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi.
2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin Azərbaycan Ordusu bu təxribat planını da pozdu.
2020-ci il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi: “Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib… Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Dəfələrlə erməni terrorçu qrupları Azərbaycanla sərhəddə təxribatlar törətdilər. 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşlərində Ermənistanın hərbi-siyasi arsenalı sıradan çıxarıldı, lakin bu cəza tədbirləri onlara dərs olmadı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Uğurlu hərbi əməliyyatlarla Ermənistanın dizi yerə gətirildi. Bütün hərbi sistemi məhv edildi. 2020-ci il noyabrın 8-i Şuşa işğaldan azad edildi. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.
44 günlük Vətən Müharibəsində Ermənistanın aldığı sarsıdıcı zərbədən sonra xarici erməni lobbisi və dövlətlərin rəsmi şəxsləri hay-küylü bəyanatlar çıxış etdilər. Ftansa, Niderland kimi faşizminin əsas təşkilatçıları olan dövlətlərin parlamentləri Azərbaycanı müxtəlif separatçı qətnamələrin qəbul edilə biləcəyi ilə hədələdilər. Bununla Ermənistana dəstək verməyə və Xankəndidəki separatçıları ruhlandırmağa ümid etdilər. Hətta Ermənistanın Azərbaycanın müzəffər silahlı qüvvələri tərəfindən darmadağın edilmiş ordusunun baş komandanı və baş naziri Paşinyan 2023-cü il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Separatçı qüvvələrin yeni hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Təbii ki, Azərbaycan dövləti ərazisində həyata keçirilməsinə cəhd edilən separatçılığın genişlənməsinə seyriçi qala bilməzdi və belə də oldu. 2023-cü ilin sentyabrın 19-da başlayan antiterror əməliyyatları ilə Qarabağdakı Ermənistana məxsus ordunun qalıqları məhv edildi. Bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi, 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Xeyli sayda canlı qüvvə məhv edildi. Eyni zamanda, qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmisi ilə dolu 6 “Ural” markalı hərbi avtomobil və 4 minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürüldü. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik, 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirildi. Bunla yanaşı Ordumuz Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsdi, bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarət tam təmin olundu. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı, təslim olduqlarını bəyan etdilər. Bu, dünya miqyasında terrorçuluğun ən qısa müddət ərzində ləğv edilməsi istiqamətində həyata keçirilən antiterror əməliyyat idi. Azərbaycanın Müzəffər Ordusu 23 saat ərzində 15-18 minlik hərbi-terrorçu silahlı dəstəni təslim olmağa məcbur etdi, 30 illik işğal dövründə insanlıq əleyhinə cinayətlər törətmiş hərbi canilər isə həbs edilərək istintaqa təhvil verildilər. Artıq onlara qarşı Məhkəmə prosesi keçilib və hər biri layiq olduqları cəzanı alıblar.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev zamanında deyirdi: “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Fakt ondan ibarətdir ki, Dahi Öndərimizin müdrik kəlamı artıq reallığa çevrilib. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu, sayılan, seçilən dövlətlərindəndir. Bu güc və qüdrət Fateh Sərkərdə, Prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən siyasəti ilə daha da möhkəmlənir. Qazanılan hərbi, siyasi, diplomatik qələbə əbədi olaraq Azərbaycan xalqının yaddaşında qalacaq. Azərbaycan dövləti və xalqı var olduqca Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti və Prezident İlham Əliyevin apardığı, əldə etdiyi qələbələr yaşayacaq və var olacaq.
İ.ƏLİYEV