Qarakənd faciəsinin qurbanları: Sabir Rüstəmxanlının yaddaşında yaşayan dostlar


Bu gün, noyabrın 20-də Azərbaycanın müasir tarixinin ən qanlı və ağrılı səhifələrindən biri olan Qarakənd faciəsindən 35 il ötür.
1991-ci ildə erməni terrorçuları tərəfindən Azərbaycanın dövlət və ictimai xadimlərini, jurnalistləri və hərbçiləri daşıyan vertolyotun vurulması nəticəsində 22 nəfər həlak olub.
Faciə nəticəsində Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynaya biləcək bir sıra görkəmli şəxsiyyətlər həyatını itirib.
Onların arasında daxili işlər naziri Məhəmməd Əsədov, dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, ictimai-siyasi xadim Vəli Məmmədov, jurnalistlər Osman Mirzəyev və Alı Mustafayev də olub.
Xalq şairi Sabir Rüstəmxanlı Qarakənd faciəsinin ildönümü ilə əlaqədar həmin günlərə dair şəxsi xatirələrini bölüşüb.
O, faciədə yaxın dostlarını və həmkarlarını itirdiyini vurğulayaraq, onların yarımçıq qalan arzularından, Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərindən və yaddaşlarda yaşayan şəxsiyyətlərindən bəhs edib.
Gununsesi.info Sabir Rüstəmxanlının həmin faciəyə dair xatirələrini təqdim edir:
1991-ci il noyabr ayının 20-də Azərbaycanın bir sıra görkəmli dövlət xadiminin, jurnalist və hərbçilərin faciəli ölümü ilə nəticələnən Qarakənd faciəsi baş vermiş, həmin insanları aparan vertolyot erməni terrorçuları tərəfindən vurulmuşdu.
Bu qanlı cinayətdə həlak olanların ictimai-siyasi həyatımızdakı yerini və xidmətini unutmaq olmaz. Onların bəziləri mənim yaxın dostlarım və həmkarlarım idilər. Öz müstəqil dövlətini yenicə bərpa etmiş Azərbaycan Respublikasının sonrakı taleyində bu insanların hər biri ciddi rol oynaya, bəlkə də sonralar qarşımıza çıxan bəzi səhvlərdən qorunmağımıza kömək edə bilərdilər.
Azərbaycanın Daxili İşlər naziri Məhəmməd Əsədov, dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, görkəmli iqtisadi-siyasi xadim Vəli Məmmədov, jurnalist və tədqiqatçı Osman Mirzəyev, jurnalist Alı Mustafayev… Hər biri ilə bağlı unudulmaz xatirələrim var.
Noyabrın 18-də Məhəmməd Əsədov zəng vurub məni təbrik etmişdi. Həyatımda ciddi bir hadisə baş vermədiyindən təbrik məni təəccübləndirmişdi. Nazir dostum şəhərin mərkəzində sənə ev verirlər demişdi və sonra mənim xəbərsiz olduğum bu məsələni aydınlaşdırmışdı: “Anam xəstədir, yuxarı mərtəbələrdə qala bilmir, ona görə Ayaz Mütəllibovdan xahiş etmişdim ki, mənə yaxın bir yerdə, 1-ci mərtəbədə ev versinlər. O da Nazirlər kabinetinin üst tərəfindəki binada yer ayırtdırdı, sağ olsun. Sonra da tapşırdı ki, indiki evimi sənə verim.”
Mən Ayaz Mütəllibova və ümumiyyətlə rəsmi idarələrin heç birinə müraciət edib ev istəməmişdim. Buna görə də təəccübləndim. Məhəmməd Əsədov “Sən müraciət etməsən də Ayaz Mütəllibov harada yaşadığını bilir. Komitə sədridir, amma 8-ci kilometrin o biri başında yaşayır. Bəzən təcili yığışmaq lazım gəlir.”
Sonra Məhəmməd Əsədov mənzilinin Hökumət Evinin arxasında olduğunu dedi və gülə-gülə əlavə etdi ki, çox hündürdədir, 15-ci mərtəbədə, bəlkə bəyənməyəcəksən, gərək gələsən, baxasan, oturub bir stəkan çay içək, halallaşaq. Təmirini də sənin Sumqayıtlı dostların təmir ediblər” dedi.
“Sabah görüşək?” – deyə soruşdum.
“Sabah yox, iki günlük səfərim var, gedib gəlim, zəngləşərik”.
Mən onun işinin çoxluğunu nəzərə alıb dəqiqləşdirmək istədim:
“Sən zəng edəcəksən, yoxsa mən?!”
“Mən zəng vuraram” – dedi.
Bu, məni ev sıxıntısından qurtaran böyük bir hadisə idi və mən intizarla Məhəmməd Əsədovun zəngini gözləməyə başladım. İki gün keçdi, amma ondan xəbər gəlmədi. Utandığımdan mən də zəng vurmadım. “Neçə müddətdir dözüb, bir günə dözə bilmir” – deyə bilərdi. Üçüncü gün də zəng gəlmədi. Axşam xəbərlər proqramından Məhəmməd Əsədov başda olmaqla 22 nəfərin həlak olması haqda məlumat yayıldı. Ağlasığmaz, bütün milləti donduran, ürəyimizi suallarla dolduran bir faciə idi.
Onlar Ağdama yola düşdükləri səhər tezdən Azərbaycan ədəbi və siyasi həyatının təkrarsız nümayəndələrindən biri, insanlığı və parlaq şəxsiyyəti ilə mənə doğma olan Vəli Məmmədov da zəng vurub gərək bu günlərdə vaxt edib görüşək demişdi. Onun günlərinin nə qədər dolu olduğunu bilirdim, buna görə təklifi gözlənilməz idi. Sonra “Bu gün Qarabağa gedirəm. Tofiq İsmayılov da gedir, onu tək qoymaq istəmirəm” dedi. Onunla da sonuncu görüşümüz baş tutmadı. Bu dəstəyə o özü, könüllü qoşulmuşdu.
Beləliklə, 20 noyabr faciəsi milli faciə olmaqla yanaşı, həm də ən yaxın dostlarımı itirdiyim bir şəxsi faciə idi. Onlar əvəzsiz insanlar idilər. Tofiq İsmayılovun Vəli Məmmədovla bərabər SSRİ Ali Sovetinin sessiyasına necə ciddi məsuliyyət və qəzəblə hazırlaşdıqlarına şahid olmuşdum.
Osman Mirzəyev “Adlarımız” kitabının sevincini hələ tam yaşayıb qurtarmamışdı.
Alı Mustafayevin fikrində Qarabağdan yeni reportajlarının süjetləri dolaşırdı.
Hamısının arzuları yarıda qırıldı. Ömürləri ilə birgə.
Mənə elə gəlir ki, İkinci Qarabağ savaşında əsgərlərimizin intiqam hissini coşduran həm də onların unudulmaz xatirəsi idi.
Ruhları şad olsun!
Orxan
Gununsesi.info
1 mənbə
