Qarabağla bağlı yeni "cəbhə" açırlar – Qondarma plan elan edildi


Ermənistanın “Daşnaksütyun” partiyası həyasızcasına qondarma Qarabağ məsələsinin həll olunmadığını bəyan edərək yeni beynəlxalq danışıqlar formatının yaradılmasını tələb edib.
Paytaxt.org xəbər verir ki, partiyanın “Hay Dat” Mərkəzi Şurası geydirmə sənədin yenilənmiş versiyasında Azərbaycana qarşı bir sıra axmaq ittihamlar irəli sürüb.
Sənəddə saxtakarcasına bildirilir ki, guya Azərbaycanın hərbi güc tətbiq edərək Qarabağ üzərində nəzarəti bərpa etməsi münaqişəni həll etməyib və erməni əhalisinin hüquqları məsələsi açıq qalır.
“Daşnaksütyun” Azərbaycanda saxlanılan 20 cinayətkarın dərhal və heç bir ilkin şərt olmadan azadlığa buraxılmasını tələb edib. Onlar azad edilənədək müstəqil humanitar təşkilatların həmin şəxslərlə görüşünə şərait yaradılması, həmçinin itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi istənilib.
Partiyanın digər tələbi ATƏT və ya BMT-nin himayəsi altında beynəlxalq mandata malik yeni danışıqlar formatının yaradılmasıdır. Bu prosesə keçmiş qondarma rejimin seçilmiş nümayəndələrinin də cəlb olunması təklif edilir.
Bundan əlavə, İsveçrə parlamentinin təşəbbüsü ilə Qarabağa dair qondarma beynəlxalq sülh konfransının çağırılması tələb olunur.
Bir daha xatırladırıq ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir. Azərbaycan 2023-cü ildə cinayətkar terrorçu-separatçı dəstələri zərərsizləşdirərək qondarma cinayətkar rejimin varlığına birdəfəlik son qoyub. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam bərpa olunub.
Bu cür qondarma məsələlərin yenidən gündəmə gətirilməsi və ərazi iddialarının qabardılması artıq Paşinyan hakimiyyətinin məsuliyyətindədir. Azərbaycanla sülh istəyənlər bu cür absurd, qondarma məsələləri gündəmə gətirməməli, onları birdəfəlik siyasi gündəmdən çıxarmalıdırlar.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Belə olan halda, Qarabağla bağlı qondarma iddiaların yenidən qabardılması Paşinyanın özünə və onun rəhbərlik etdiyi hakimiyyətə ziyandır.
“Daşnaksütyun” da daxil olmaqla, Azərbaycana qarşı ərazi iddiaları irəli sürən, qondarma ərazi məsələlərini gündəmə gətirən bütün partiya və təşkilatlar kimliyindən asılı olmayaraq bağlanmalıdır. Bu cür iddiaları irəli sürən və Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir.
Musavat.com
