"Qarabağ"ın qarşılaşdığı çətinlikləri komandanın zəifləməsi ilə bağlamaq olmaz"


"Qarabağ" bu mövsüm uzun aradan sonra avrokuboklardan kənarda qaldı.
Hazırda Premyer Liqada da klub sabit çıxış etmir.
Xal itkiləri çoxdur, göstərilən oyun ümid vermir.
Belədə haqlı sual yaranır - "Qarabağ"ın problemi nədir?
Yenilənən komanda zamanla əvvəlki günlərinə qayıda biləcəkmi?
Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin veteran hücumçusu, "Neftçi", "Səbail" və gənclər millimizin sabiq baş məşqçisi Samir Əliyev suala cavab olaraq bunları deyib:
"Bildiyimiz kimi, “Qarabağ” bir sıra aparıcı futbolçularını itirdi və komandaya xeyli sayda yeni oyunçu cəlb olundu. Əslində, bu proses gec-tez baş verməli idi. Sadəcə, bu mövsümə təsadüf etdi.
Yeni gələn futbolçular həm ölkəmizə və yerli futbol mühitinə, həm də çempionatımıza uyğunlaşma dövrü keçirirlər. Bu, futbolda normal prosesdir.
Komanda yenidən formalaşır və belə olan halda həm oyun, həm də nəticə baxımından müəyyən axsamaların yaşanması təbiidir.
Amma bir məqamı da unutmayaq ki, “Qarabağ” çempionatda hələ də liderlər qrupunda yer alır. Ən əsası isə komandanın başında Qurban Qurbanov kimi təcrübəli mütəxəssis və onun illərdir bu işin içində olan məşqçilər korpusu dayanır.
Ümid edirəm və inanıram ki, onlar bu prosesin öhdəsindən layiqincə gələcəklər.
Ola bilər ki, hazırda oyun baxımından, qol vəziyyətlərinin yaradılması və həmin fürsətlərin reallaşdırılması baxımından müəyyən problemlər var.
Ancaq bunlar futbolun normal tərkib hissəsidir. İnanıram ki, zaman keçdikcə bu çatışmazlıqlar da aradan qalxacaq və azarkeşlərin əvvəlki illərdə görməyə alışdığı “Qarabağ”ı yenidən izləyə biləcəyik.
Digər tərəfdən, çempionatımızın getdikcə güclənməsini də nəzərə almalıyıq.
Legioner limiti ilə bağlı dəyişikliklərdən sonra “Neftçi”, “Sabah” və digər komandalar heyət baxımından daha yüksək səviyyəyə qalxıblar.
Bu isə çempionatımız üçün müsbət haldır. Çünki çempionluq uğrunda mübarizədə rəqabət nə qədər güclü olsa, futbolumuz da bir o qədər inkişaf edər.
Yəni “Qarabağ”ın qarşılaşdığı çətinlikləri yalnız komandanın zəifləməsi ilə əlaqələndirmək düzgün olmaz.
Həm heyətin yenilənməsi, həm uyğunlaşma prosesi, həm də rəqiblərin güclənməsi nəzərə alınmalıdır. Məncə, zamanla “Qarabağ” öz oyununu tapacaq".
XANOĞLAN
1 mənbə
32gun.az+1 mənbə