Qanunsuz zəbt olunmuş torpaqlar və tikililər - Söküntü və kompensasiya necə olacaq?


Prezidentin Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair imzaladığı fərman bu ərazilərdə torpaq münasibətlərinin yenidən tənzimlənməsi, mülkiyyət hüquqlarının dəqiqləşdirilməsi və sahil xəttindən istifadəyə dövlət nəzarətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sənəddə torpaqların inventarlaşdırılması, rəqəmsal məlumat bazasının yaradılması, qanunsuz zəbt hallarının qarşısının alınması və sahilboyu ərazilərin idarə edilməsinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc nəzərdə tutulan dəyişiklikləri və onların təsirlərini Ölkə.az-a şərh edib.
O bildirib ki, fərmanın icrası təkcə sahilboyu ərazilərdə mövcud vəziyyətin dəyişdirilməsi deyil, həm də torpaq və əmlak münasibətlərinin hüquqi baxımdan dəqiqləşdirilməsi deməkdir. Onun sözlərinə görə, bu prosesdə dövlət maraqları ilə vətəndaşların qanuni mülkiyyət hüquqları arasında balans qorunmalıdır.
Sədr qeyd edib ki, torpaqların idarə olunması, istifadəsi və mühafizəsi sahəsində vahid dövlət siyasətinin Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi idarəetmədə koordinasiyanı gücləndirəcək. Fərmana əsasən, altı ay ərzində sahilboyu ərazilərin sərhədləri, ölçüləri və su səthinin quru ilə təmas xətti müəyyənləşdirilməlidir.
Vüqar Oruc bildirib ki, Xəzər dənizində su səviyyəsinin dəyişməsi və sahil xəttinin geri çəkilməsi torpaq münasibətlərinə də təsir göstərir. Sahil xəttinin dəyişməsi torpaqların faktiki vəziyyətini, istifadə imkanlarını və iqtisadi dəyərini yenidən qiymətləndirməyi zəruri edir. Buna görə də ərazilərin sərhədləri müəyyənləşdirilərkən geodeziya ölçmələri, kadastr məlumatları və faktiki vəziyyət əsas götürülməlidir.
İqtisadçı-ekspert fərmanda nəzərdə tutulan Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı rəqəmsal məlumat bazasının yaradılmasını da vacib hesab edir. O bildirib ki, torpaq sahələri, tikililər və infrastruktur obyektləri barədə məlumatların vahid sistemdə toplanması əmlakın qeydiyyatı, monitorinqi və qiymətləndirilməsini asanlaşdıracaq. Torpaqların istifadəyə və icarəyə verilməsinin elektron sistem üzərindən, “bir pəncərə” prinsipi ilə həyata keçirilməsi isə sahibkarlar üçün inzibati prosedurları sadələşdirə bilər.
AQC sədri diqqəti sahilboyu ərazilərdə illər əvvəl bələdiyyə və ya icra hakimiyyəti orqanlarının qərarları əsasında torpaq əldə etmiş, sonradan dövlət qeydiyyatından çıxarış almış şəxslərin vəziyyətinə də yönəldib. Onun fikrincə, bu məsələdə bütün mülkiyyətçilərə eyni hüquqi yanaşmanın tətbiqi düzgün olmaz. Torpaq sahəsinin hansı tarixdə və hansı əsasla ayrıldığı, həmin dövrdə qüvvədə olan qanunvericilik, torpağın kateqoriyası və mülkiyyət hüququnun qeydiyyata alınmasının qanuniliyi ayrıca araşdırılmalıdır.
Vüqar Oruc qeyd edib ki, Torpaq Məcəlləsinə əsasən, Xəzər dənizinin sahilboyu mühafizə zolağında yerləşən torpaqların hüquqi rejimi xüsusi qaydalarla müəyyən edilir. Dənizin sahil xəttindən ölçülən 20-50 metrlik zolağın altında yerləşən torpaqlar dövlət mülkiyyətindədir və özgəninkiləşdirilə bilməz. Həmin ərazilər qanunvericilikdə nəzərdə tutulan qaydada istifadəyə və icarəyə verilə bilər. Bu səbəbdən həmin zolaqda yerləşən torpaqlara dair çıxarışların hüquqi əsasları da diqqətlə yoxlanılmalıdır.
İqtisadçı-ekspert vurğulayıb ki, dövlət ehtiyacları üçün qanuni mülkiyyətin alınması ilə qanunsuz zəbt edilmiş dövlət torpaqlarının azad edilməsi fərqli hüquqi prosedurlardır. Əgər torpaq xüsusi mülkiyyətdədirsə və qanunvericilikdə nəzərdə tutulan dövlət ehtiyacları yarandığı üçün alınması zərurəti meydana çıxırsa, proses “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun aparılmalıdır. Belə hallarda mülkiyyətçiyə qanunla müəyyən edilmiş qaydada ədalətli kompensasiya ödənilməsi təmin olunmalıdır. Qanunsuz zəbt edilmiş torpaqlara və qanunsuz tikililərə münasibətdə isə eyni kompensasiya mexanizminin avtomatik tətbiqindən söhbət gedə bilməz.
Vüqar Oruc kompensasiyanın hesablanması zamanı yalnız torpaq sahəsinin ölçüsünün əsas götürülməsini düzgün hesab etmədiyini bildirib. Onun sözlərinə görə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 55-ci və 58-ci maddələri bu məsələdə əsas hüquqi çərçivəni müəyyən edir. Torpağın bazar qiyməti uyğun ərazilərdəki real alqı-satqı göstəriciləri əsasında hesablanır. Qanunun 58-ci maddəsində siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində oxşar torpaqlar üzrə notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqavilələrindəki üç ən yüksək qiymətin orta göstəricisinin əsas götürülməsi nəzərdə tutulur. Müvafiq bazar məlumatları olmadıqda isə qanunda göstərilən bərpa qiyməti metodundan istifadə edilir. Bundan əlavə, əmlakın qismən alınması nəticəsində yaranan zərər, köçürülmə xərcləri və qanunla nəzərdə tutulan digər itkilər də nəzərə alınmalıdır.
AQC sədri hesab edir ki, kompensasiyanın düzgün müəyyənləşdirilməsində müstəqil qiymətləndirmənin rolu böyük olacaq. Sahilboyu ərazilərdə torpaqların dəyəri yerləşmə mövqeyindən, təyinatından, infrastruktur təminatından, dənizə çıxış imkanlarından və hüquqi məhdudiyyətlərdən asılı olaraq dəyişir. Buna görə də hər bir əmlakın dəyəri fərdi qaydada, mövcud bazar göstəriciləri və beynəlxalq qiymətləndirmə standartları nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
Sədr sahilboyu hasarların və tikililərin sökülməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Torpaq Məcəlləsində sahilboyu mühafizə zolağında hasarlanma və əraziyə girişin məhdudlaşdırılması ilə bağlı tələblər mövcuddur. Lakin hər bir hasarın və tikilinin qanunsuz hesab edilməsi üçün onun yerləşdiyi ərazi, tikintinin hüquqi əsası və mövcud icazələr araşdırılmalıdır. Əsas tələb dəniz sahilinə sərbəst gediş-gəlişin təmin edilməsi və ictimai istifadəyə maneələrin aradan qaldırılmasıdır.
Vüqar Oruc bildirib ki, yeni fərman indiyədək mövcud olan pozuntuların aradan qaldırılması üçün nəzarət imkanlarını genişləndirir. Bununla belə, sənəd bütün sahilboyu hasarların və villaların avtomatik sökülməsi barədə qərar kimi qiymətləndirilməməlidir. Əvvəlcə ərazilərin sərhədləri müəyyənləşdirilməli, torpaq sahələri inventarlaşdırılmalı, tikililərin hüquqi statusu yoxlanılmalı, bundan sonra hər bir obyekt üzrə qanunvericiliyə uyğun tədbir görülməlidir.
İqtisadçı-ekspertin fikrincə, prosesin ən düzgün yolu əvvəlcə hüquqi və texniki inventarlaşdırmanın aparılması, sonra isə əmlakların statusuna uyğun qərarların qəbul edilməsidir. Qanunsuz zəbt edilmiş dövlət torpaqları və qanunsuz tikililərlə bağlı qanunvericiliyin tələbləri yerinə yetirilməli, qanuni mülkiyyət hüququna malik şəxslərin əmlakı dövlət ehtiyacları üçün alındıqda isə ədalətli kompensasiya təmin olunmalıdır.
Vüqar Oruc vurğulayıb ki, Xəzər sahilinin iqtisadi potensialından istifadə zamanı turizm, sahibkarlıq və xidmət sektorunun inkişafı ekoloji tarazlığın qorunması ilə uzlaşdırılmalıdır. Sahilyanı ərazilərin dəyəri müəyyənləşdirilərkən yalnız kommersiya imkanları deyil, ekoloji məhdudiyyətlər də nəzərə alınmalıdır.
AQC İdarə Heyətinin sədri hesab edir ki, bu islahatların nəticəsi dövlət nəzarətinin güclənməsi ilə yanaşı, mülkiyyət hüquqlarının qorunması, torpaq münasibətlərində şəffaflığın təmin edilməsi və əmlakın obyektiv qiymətləndirilməsi ilə ölçülməlidir. Xəzər sahilinin ictimai istifadəyə açılması mühüm hədəfdir, lakin bu proses vətəndaşların qanuni hüquqlarına hörmət və qanunçuluq prinsipi əsasında həyata keçirilməlidir.
Könül Vəliyeva
1 mənbə