Putinin ən böyük təhlükəsi Kremldədir: Bir gün öz adamları ona arxa çevirsə…


Vadimir Putin Rusiyada elə bir siyasi sistem qurub ki, bu sistemin demək olar bütün mexanizmləri bir əsas məqsədə – onun şəxsi hakimiyyətinin qorunmasına xidmət edir.
Federal Təhlükəsizlik Xidməti (FTX), Rosqvardiya, ordu, polis, İstintaq Komitəsi, prokurorluq və məhkəmələr… Etirazları yatırmaq, siyasi rəqibləri zərərsizləşdirmək və dövlət məmurlarını hakimiyyətə qeyd-şərtsiz sədaqət nümayiş etdirməyə məcbur etmək imkanına malik nəhəng güc aparatı.
Kənardan baxanda belə görünə bilər ki, bu cür hakimiyyət sistemi sonsuza qədər mövcud ola bilər. Ancaq Kremldə açıq müzakirə edilməsinə üstünlük verilməyən mühüm bir sual var:
Putin güc strukturları və hakim elita üçün sərfəli lider olmaqdan çıxarsa, həmin qüvvələr yenə də onu qoruyacaqlarmı?
Axı güc strukturlarında çalışanlar prezidentin qohumları və ya şəxsi dostları deyil. Onların öz maraqları, sərvətləri, karyera planları və ən əsası, özlərini qorumaq instinktləri var.
Putin resursları bölüşdürdüyü, toxunulmazlıq təmin etdiyi və mövcud sistemin davamlılığını qoruduğu müddətdə onun hakimiyyətini dəstəkləmək üçün kifayət qədər səbəb mövcuddur.
Bəs sabitliyin təminatçısı hesab edilən lider bir gün öz ətrafındakı insanlar üçün əsas təhlükəyə çevrilsə, nə baş verər?
Gəlin görək, Putin hakimiyyəti dövründə Rusiyanı və onun beynəlxalq mövqeyini hansı vəziyyətə gətirib.
Ukrayna: Sürətli qələbə əvəzinə uzanan müharibə
Kremlin ilkin planlarına görə, Ukraynaya qarşı hərbi əməliyyatlar qısa müddətdə başa çatmalı, Kiyev ələ keçirilməli və ölkədə Moskvanın maraqlarına uyğun hakimiyyət formalaşdırılmalı idi. Lakin hadisələr tamamilə başqa istiqamətdə inkişaf etdi.
Kiyev tutulmadı, Ukrayna dövlətçiliyi qorundu, müharibə illərlə davam edən qanlı qarşıdurmaya çevrildi. Rusiya ordusu ciddi itkilər verdi, ölkənin iqtisadi və insan resursları böyük təzyiq altına düşdü.
Kremlin vəd etdiyi sürətli qələbənin yerini uzunmüddətli müharibə və getdikcə artan xərclər aldı.
NATO: Əks nəticə verən strategiya
Putin Ukraynaya qarşı müharibəni əsaslandırarkən NATO-nun genişlənməsinin qarşısını almağı mühüm arqumentlərdən biri kimi göstərirdi. Bəs nəticə nə oldu?
Finlandiya və İsveç NATO-ya üzv qəbul edildi. Bununla da Rusiya ilə NATO arasındakı sərhəd əhəmiyyətli dərəcədə uzandı. Xüsusilə Finlandiyanın alyansa qoşulması Rusiyanın NATO ilə quru sərhədini təxminən 1300 kilometr artırdı.
Beləliklə, Moskvanın qarşısını almağa çalışdığı proses əks istiqamətdə inkişaf etdi.
Priqojin qiyamı: Güc şaqulisinin zəif nöqtəsi
2023-cü ilin iyununda «Vaqner» özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin silahlı qiyam qaldıraraq qüvvələrini Moskvaya doğru hərəkət etdirdi.
Rostov-na-Donu şəhərində hərbi obyektlər üsyançıların nəzarətinə keçdi. Ölkənin hərbi-siyasi rəhbərliyi isə vəziyyətə dərhal nəzarəti bərpa edə bilmədi.
Putin xalqa müraciət edərək baş verənləri xəyanət və silahlı qiyam adlandırdı.
İllər boyu ölkədə mütləq hakimiyyət sahibi kimi təqdim olunan lider üçün bu hadisə ciddi siyasi zərbə idi. Qiyam Kremlin güc şaqulisinin zahirən göründüyü qədər sarsılmaz olmadığını nümayiş etdirdi.
Suriya: Əsəd rejiminin süqutu
Putin Bəşər Əsəd rejiminin qorunmasına böyük hərbi, siyasi və diplomatik resurslar sərf etmişdi. Suriya Rusiyanın Yaxın Şərqdəki əsas dayaq nöqtələrindən birinə çevrilmişdi.
Lakin 2024-cü ilin dekabrında Əsəd rejimi süqut etdi, Bəşər Əsəd isə Rusiyaya sığındı.
Beləliklə, Moskva uzun illər dəstəklədiyi müttəfiqinin hakimiyyətini qoruyub saxlaya bilmədi. Bu hadisə Rusiyanın Yaxın Şərqdəki nüfuzuna da ciddi zərbə vurdu.
Ermənistan: Cənubi Qafqazda dəyişən münasibətlər
Moskvanın keçmiş müttəfiqlərindən biri olan Ermənistan da Rusiyadan siyasi və təhlükəsizlik baxımından məsafələnməyə başladı.
Qarabağda baş verən hadisələrdən, xüsusilə 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində bərpasından sonra İrəvanda Rusiyanın təhlükəsizlik təminatlarına inam ciddi şəkildə sarsıldı.
Ermənistan Qərblə əlaqələrini genişləndirməyə, təhlükəsizlik sahəsində alternativ tərəfdaşlar axtarmağa başladı.
Nəticədə Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının əvvəlki kimi mübahisəsiz olmadığı üzə çıxdı.
İqtisadiyyat: Texnoloji suverenlikdən asılılığa
Putin uzun illər Rusiyanın iqtisadi qüdrətini artırmaq, texnoloji müstəqilliyini təmin etmək və ölkəni dünyanın aparıcı iqtisadi güclərindən birinə çevirmək vəd edirdi.
Lakin Ukraynaya qarşı müharibədən sonra Rusiya genişmiqyaslı Qərb sanksiyaları ilə üzləşdi.
Texnologiyaların idxalına məhdudiyyətlər, Avropa bazarlarının itirilməsi, Çindən asılılığın artması, hərbi xərclərin yüksəlməsi, inflyasiya və əmək bazarında yaranan problemlər iqtisadiyyatın əsas çətinliklərinə çevrildi.
Ölkənin maliyyə və insan resurslarının böyük hissəsi hərbi ehtiyaclara yönəldildi. Bu isə uzunmüddətli inkişaf perspektivləri ilə bağlı ciddi suallar doğurur.
Çin: Bərabər tərəfdaşlıq, yoxsa artan asılılıq?
Putin mütəmadi olaraq Pekinlə strateji tərəfdaşlıqdan danışır. Lakin Rusiya ilə Çinin iqtisadi imkanları, beynəlxalq təsir gücü və texnoloji potensialı arasında ciddi fərq var.
Qərblə münasibətlərin kəskin pisləşməsindən sonra Moskvanın Çin bazarından, texnologiyalarından və tədarük zəncirlərindən asılılığı daha da artıb.
Çin lideri Si Cinpin Rusiyanın maraqlarını öz ölkəsinin iqtisadi və siyasi maraqlarından üstün tutmağa borclu deyil. Pekin Moskva ilə əməkdaşlığı ilk növbədə öz strateji hesablamalarına uyğun qurur.
Bu münasibətlərdə tərəflərin bərabər imkanlara malik olduğunu söyləmək getdikcə çətinləşir.
Beynəlxalq nüfuz: Təcrid və itirilən mövqelər
2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsi ilə bağlı order verdi.
Rusiya Qərblə əvvəlki iqtisadi əlaqələrinin əhəmiyyətli hissəsini itirdi, Avropanın enerji bazarındakı mövqeləri zəiflədi və beynəlxalq münasibətlərdə ciddi təcridlə üzləşdi.
Əlbəttə, Putinlə danışıqlar davam edir və Rusiya beynəlxalq siyasətdə mühüm aktor olaraq qalır. Lakin danışıqlar masasında iştirak etmək hələ proseslərin nəticəsini müəyyən etmək gücünə sahib olmaq demək deyil.
Bəs bütün bunlardan sonra əsas sual nədir?
PUTİN ÖZ ELİTASI ÜÇÜN PROBLEMƏ ÇEVRİLSƏ, ONU KİM QORUYACAQ?
Tarix hakimiyyətini əbədi hesab edən diktatorların çoxsaylı nümunələrini yadda saxlayıb.
II Nikolayın ordusu, polisi və gizli xidmətləri vardı. Lakin 1917-ci ildə inqilab başlayanda hərbçilərin əhəmiyyətli hissəsi əvvəlki kimi əmrlərə tabe olmadı. Nəticədə imperiya hakimiyyəti süqut etdi.
Müəmmər Qəddafi onilliklər ərzində xüsusi xidmət orqanlarına və şəxsi mühafizəsinə arxalanmışdı. Ancaq 2011-ci ildə onun rejimi devrildi, özü isə öldürüldü.
Bəşər Əsədin də güclü təhlükəsizlik sistemi vardı. Buna baxmayaraq, 2024-cü ilin dekabrında hakimiyyətini itirdi və ölkəni tərk etməyə məcbur oldu.
Əlbəttə, Rusiya nə Liviyadır, nə də Suriya. Putin hakimiyyətinin yaxın zamanda süqut edəcəyinə dair heç bir zəmanət yoxdur. Rusiyanın siyasi, hərbi və institusional strukturları bu ölkələrdən ciddi şəkildə fərqlənir.
Lakin bütün avtoritar sistemlər üçün xarakterik olan bir qanunauyğunluq mövcuddur: hakimiyyəti yalnız qorxu deyil, həm də maraqların üst-üstə düşməsi qoruyur.
Güc strukturlarının nümayəndələri prezidentə təkcə ondan qorxduqları üçün deyil, həm də mövcud sistemdə öz mövqelərini, sərvətlərini və təhlükəsizliklərini qoruyub saxlamağa ümid etdikləri üçün sədaqət nümayiş etdirirlər.
Prezident onların maraqlarına xidmət etdiyi, gələcəklərini təmin etdiyi müddətdə onlar da onun hakimiyyətinin qorunmasında maraqlı olurlar.
Ancaq bir gün həmin hakimiyyətin davam etməsi özlərinin gələcəyini təhlükə altına qoyarsa, münasibətlər dəyişə bilər.
Putin milyonlarla insanın hakimiyyətdən qorxduğu bir siyasi sistem yaradıb. Lakin qorxu ilə sədaqət eyni anlayışlar deyil.
O, generalı susmağa, məmuru sənədləri imzalamağa, qubernatoru kameralar qarşısında gülümsəməyə, dövlət televiziyalarını isə hər gün yeni qələbələrdən danışmağa məcbur edə bilər.
Amma həmin insanların hər birinin onun taleyini bölüşməyə hazır olduğuna zəmanət verə bilməz.
Süngülərin üzərində hakimiyyət qurmaq mümkündür. Bütöv bir ölkəni qorxu altında saxlamaq, siyasi rəqabəti məhv etmək və müxalifəti susdurmaq da mümkündür. Lakin süngüləri öz sahibinə sədaqətli olmağa sonsuza qədər məcbur etmək mümkün deyil.
Bəlkə də, Putin üçün ən böyük təhlükə bir gün xalqın kütləvi şəkildə ona qarşı çıxması deyil.
Ən ciddi təhlükə hakimiyyətinin dayağı olan elitanın, generalların və güc strukturlarının bir gün belə qənaətə gəlməsidir: Putinsiz Rusiya onlar üçün daha təhlükəsiz və sərfəlidir.
Çünki diktatura yalnız onu qoruyanlar üçün də sərfəli olduğu müddətdə davam edə bilər.
Natiq Səlim,
KONKRET.az
1 mənbə