Pul xərclənək istəməyəndə - Qənaət rejimi Premyer Liqaya qayıdışı korladı


«Şəfa» Premyer Liqanın ilk dövrəsində yeganə qələbəsini Qəbələ səfərində qazanmışdı.
«Qəbələ» ilə budəfəki matç onun təkrarı olmadı.
Yeton Bekirinin çalışdırdığı komanda Sumqayıtda 2 cavabsız qolla istəyinə çatdı.
Onun yerli həmkarı Zaur Həşimovun bu nəticəyə reaksiyasına diqqət yetirək:
"Düşünürdük ki, artıq "qara zolaq"dan çıxmışıq. Amma bu oyun üzərimizdəki təzyiqi artırdı. Bu vəziyyətdən çıxmaq üçün hansı addımı atmağı düşünürəm? Şikayət etməyi sevmirəm. Amma görürsünüz ki, hücumçu mövqeyində konkret çətinliklərimiz var. Yeganə hücumçu Luis Felipe idi. Gələndən sonra zədələnmişdi. İndi isə 6 aylıq sıradan çıxıb. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edirik. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Amma fikrimcə, bu işdə tək olmalı deyiləm. Rəhbərlik, mən, futbolçular ümumilikdə kollektiv olaraq vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq".
Hə… "Şəfa"nın çalışdırıcısı media vasitəsilə rəhbərliyi hərəkətə səsləyir bu açıqlama ilə. "Vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq" ifadəsinin arxasında "qış transferlərinə büdcə ayırın" mesajı dayanır.
22 ildən sonra Premyer Liqaya qayıtmış paytaxt təmsilçisi bu yola 11 legionerlə çıxıb. "Kvota"da 1 yer hələ boşdur.
Ondan savayı, daha 3 əcnəbi futbolçu düşərgəyə cəlb olunsa, hər birinə görə Peşəkar Futbol Liqasına hələ 100 min manat əlavə ödəniş edilməlidir.
Çətin ki, liqanın digər iştirakçıları özlərinin aparıcı yerli oyunçularından kimlərisə "Şəfa"ya icarəyə versin, yaxud satsın. İstənilən halda komandanı gücləndirməkdən ötrü rəhbərliyin əli cibində olmalıdır.
"Şəfa"nın yığdığı heyətin ümumi dəyəri 1,5-1,6 milyon manat civarındadır. Maaş büdcəsi baxımından yalnız "Şamaxı" ilə birdirlər, qalan iştirakçıların hamısından xeyli geri qalırlar.
II Liqa və I Liqada keçirdikləri iki mövsüm ərzində üst-üst 5 milyon manat xərcləmiş yönətimin Premyer Liqaya qəpik-quruş ayırması təəccüblüdür.
Halbuki vitrin buradır, aşağı liqalara o qədər pul tökən sponsorlar nədən indi belə etsin ki?
Görünən budur ki, "qənaət rejimi"nə keçiblər. Gətirdikləri əksər legionerlərin əməkhaqqısı 3-4 min dollardır. Bu pula oynamağa razılaşan əcnəbinin nə səviyyəsi olacaq axı?
"Şəfa"nın başbilənləri mövsümlərarası fasilədə yol verdikləri strateji səhvi düzəltməyə çalışmalı, bu dəfə kisənin ağzını nisbətən açmalıdırlar.
Zaur Həşimovu göndərib, başqasını sükan arxasına gətirməklə sular durulmayacaq yoxsa…
ELNUR
1 mənbə
