Professor Novruz Hacıyev və həmkarlarının ixtirasına 5-ci patent verilib


20.11.2026 - 16:11
Azərbaycan Tibb Universitetinin (ATU) Ümumi cərrahlıq kafedrasının əməkdaşı, professor Novruz Hacıyev və həmkarlarının növbəti ixtirası patentləşdirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, müəlliflərin “Xora mənşəli qastroduodenal qanaxmaların erkən residivinin proqnozlaşdırma üsulu” adlı ixtirasına Avrasiya Patent Təşkilatı tərəfindən patent verilib.
Yeni üsul qastroduodenal qanaxmalar zamanı dayandırılmış qanaxmanın erkən dövrdə təkrarlanma ehtimalını proqnozlaşdırmağa imkan verir. Bu isə vaxtında düzgün müalicə taktikasının seçilməsinə, zərurət yarandıqda qabaqlayıcı cərrahi müdaxilənin həyata keçirilməsinə, müalicə nəticələrinin yaxşılaşdırılmasına və ölüm hallarının azaldılmasına şərait yaradır.
Qeyd edək ki, bu, müəlliflərin son iki ildə Avrasiya Patent Təşkilatından aldıqları sayca beşinci patentdir.
Eyni zamanda, müəlliflərin son iki ildə Scopus bazasına daxil olan beynəlxalq jurnallarda bir Q1, üç Q3 və bir Q4 səviyyəli elmi məqaləsi dərc olunub.
Professor Novruz Hacıyev indiyədək 500-ə yaxın elmi əsərin, 8 ixtira və patentin, 3 səmərələşdirici təklifin, bir monoqrafiya və iki dərsliyin müəllifidir.
1 mənbə
