Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə barədə


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında dostluq münasibətlərindən, siyasi və iqtisadi əməkdaşlığın inkişafından, eləcə də gələcək perspektivlərdən danışıb. Dövlət başçısı Azərbaycan-Vyetnam əlaqələrinin uzunmüddətli tarixə və möhkəm dostluq ənənələrinə əsaslandığını vurğulayıb.İki ölkə arasında münasibətlərin təməli 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin Vyetnama səfəri isə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Sonrakı illərdə qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər bu əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. Xüsusilə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətləri yeni mərhələyə yüksəldib. Hazırda Azərbaycan və Vyetnam arasında siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq da genişlənir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Energetika sahəsində SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Vyetnam şirkətlərinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə maraq göstərməsi iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. Nəqliyyat və logistika sahəsində də müsbət nəticələr əldə olunur. 2026-cı ilin ilk doqquz ayında tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizindəki mövqeyi Vyetnamla Avropa arasında yükdaşımaların genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İkitərəfli münasibətlərdə humanitar və mədəni əməkdaşlıq da xüsusi yer tutur. Heydər Əliyev Fondu Vyetnamda təhsil və sosial layihələrin həyata keçirilməsinə dəstək göstərir. Təhsil sahəsində də uzun illərə söykənən əlaqələr mövcuddur. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasındakı dostluğun mühüm göstəricisidir. Bu gün universitetlər arasında əməkdaşlıq davam edir, tələbə mübadiləsi və təhsil imkanları genişlənir. Mədəni əlaqələrin inkişafı da diqqətəlayiqdir. Azərbaycanda keçirilən Vyetnam Günlərinin 2026-cı ildə Bakı və Qəbələni əhatə etməsi bu sahədə əməkdaşlığın genişləndiyini göstərir. Qara Qarayevin “Vyetnam süitası” əsəri və rejissor Əjdər İbrahimovun Vyetnam kino sənətinin inkişafına verdiyi töhfələr iki xalq arasında mədəni bağların nə qədər qədim olduğunu təsdiqləyir. Cənab Prezident İlham Əliyev müsahibəsində Vyetnama səfərinin qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycanın Cənubi Qafqazda mühüm logistika və energetika mərkəzi, Vyetnamın isə Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən ölkə olması əməkdaşlıq üçün geniş imkanlar yaradır. Ümumilikdə, dövlət başçısının müsahibəsi Azərbaycan və Vyetnam arasında münasibətlərin yalnız tarixi dostluqla məhdudlaşmadığını, artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Qarşılıqlı etimad və ortaq maraqlar gələcəkdə iki ölkə arasında əlaqələrin daha da inkişafına möhkəm zəmin yaradır.Bakı şəhəri, Sabunçu rayon Kamal Məmmədov adına 209 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimi Şamıyev Bəhrəm
