Polşanın “Qara Diviziya”sına yeni “Krab” haubitsa batareyası qoşulur


Polşanın Silahlanma Agentliyi 11-ci Zirehli Süvari Diviziyası üçün REGINA modulu çərçivəsində yeni “Krab” özüyeriyən haubitsa batareyasının qəbul sınaqlarının keçirildiyini açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Polşanın Silahlanma Agentliyi məlumat yayıb.
Agentlik çərşənbə günü sosial şəbəkədə paylaşım edərək “Qara Diviziya”ya daha bir “Krab” özüyeriyən haubitsa batareyasının təhvil verildiyini bildirib.
Məlumata görə, hazırda Polşa ordusunun 11-ci Zirehli Süvari Diviziyası üçün nəzərdə tutulan REGINA eskadrilya səviyyəli atəş modulunun tərkibinə daxil olan haubitsa batareyasının qəbul sınaqları aparılır.
“Krab” sözü polyak dilində “xərçəng” mənasını verir. Bu səbəbdən agentlik paylaşımında “Qara Diviziya”ya daha çox xərçəngin daxil olması barədə zarafat edib. 11-ci Lubuş Zirehli Süvari Diviziyası Polşada “Qara Diviziya” kimi tanınır.
“Bu, Polşa artilleriyasının atəş gücünü real şəkildə artırır. Bu güc təkcə haubitsalardan deyil, həm də onları müşayiət edən nəqliyyat vasitələrindən, komanda maşınlarından və logistika dəstəyindən qaynaqlanır”, - deyə agentliyin açıqlamasında bildirilib.
REGINA modulu yalnız artilleriya qurğularından ibarət deyil. İstehsalçı “Huta Stalowa Wola” şirkətinin məlumatına görə, hər bir modul 24 ədəd “Krab” haubitsası, üç qərargah komanda maşını, səkkiz komanda maşını, altı sursat daşıyan avtomobil və silahlarla elektronikanın təmiri üçün bir maşından ibarətdir.
Agentlik vahid modul şəklində fəaliyyətin Polşa artilleriyasının atəş dəqiqliyini artırdığını bildirib.
Sonuncu partiyada neçə haubitsanın olduğu açıqlanmayıb. Bu, üç həftədən az müddətdə diviziyaya ikinci “Krab” tədarüküdür. Oktyabrın 30-da agentlik REGINA modulu üçün nəzərdə tutulan komanda, sursat daşıyan və qərargah maşınlarının, eləcə də “Krab” haubitsalarının diviziyaya çatdırıldığını açıqlamışdı. Həmin vaxt yayımlanan fotolarda artilleriya qurğularının təkmilləşdirilmiş konfiqurasiyası görünürdü.
“Krab” Polşanın Stalova-Volya şəhərində istehsal olunan, 155 millimetrlik çaplı tırtıllı özüyeriyən haubitsadır. Sistem Cənubi Koreyanın “K9 Thunder” şassisi ilə Böyük Britaniyanın AS-90 “Braveheart” haubitsasından götürülmüş qülləni birləşdirir.
Polşa 2022-ci ildə onlarla “Krab” haubitsasını Ukraynaya satıb. Bu sistemlər o vaxtdan Ukrayna ordusu tərəfindən Rusiya qüvvələrinə qarşı istifadə olunur.
Sevinc Əliyeva Ordu.az
