Polşa Rusiyanın 40-a yaxın “Su-57” istehsal etdiyini və onlardan üçünü itirdiyini ehtimal edir


Polşalı ekspertlərin qiymətləndirməsinə görə, Rusiya 2020-ci ildən etibarən təxminən 40 ədəd “Su-57” qırıcısı istehsal edib, onların ən azı üçü Ukraynaya qarşı müharibə zamanı məhv edilib.
Rusiya təbliğat mediası Rusiya Aerokosmik Qüvvələrinə 2026-cı ildə üçüncü “Su-57” təyyarə partiyasının təhvil verildiyini iddia edib. Adətən bir partiyada iki-altı təyyarə olduğunu nəzərə alsaq, bu il Rusiya ordusuna 6-12 ədəd “Su-57” verilmiş ola bilər.
Bu fonda Polşanın “Defence24” nəşrinin qiymətləndirməsi diqqət çəkir. Nəşrin məlumatına görə, 2020-ci ildən bəri Rusiya hərbi sənayesi təxminən 40 ədəd “Su-57” istehsal edib. Onlardan ən azı üçü Ukraynaya qarşı müharibə zamanı itirilib.
Polşa tərəfi hesablamalarının konkret əsaslarını açıqlamayıb. Bununla belə, həmin qiymətləndirmə Rusiyanın rəsmi iddiaları ilə müqayisə baxımından əhəmiyyətlidir. Rusiya tərəfinin bəyanatlarına əsasən, 2026-cı ilin sentyabrına qədər yalnız Rusiya Aerokosmik Qüvvələri üçün 48 ədəd “Su-57” istehsal edilib. Bundan əlavə, ixrac müqavilələrindən biri çərçivəsində Əlcəzairə daha iki təyyarə təhvil verilib.
Rusiya açıqlamalarına əsaslansaq, “Su-57” istehsalının sürətləndirilməsi 2023-cü ildən başlayıb. Həmin il sifarişçiyə bir neçə partiya ilə ümumilikdə 11 təyyarə verildiyi iddia olunur. 2024 və 2025-ci illərdə isə tədarük həcminin müvafiq olaraq 13 və 14 təyyarə olduğu bildirilir.
Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutu (RUSI) 2026-cı ilin əvvəlində Rusiyanın Aerokosmik Qüvvələrinə müharibə dövründə aviasiya texnikasının tədarük tempi ilə bağlı qiymətləndirmələrini dərc edib. İnstitutun hesablamasına görə, 2020-2025-ci illərdə Rusiyaya təxminən 20 ədəd “Su-57” təhvil verilib.
Beləliklə, Britaniya qiymətləndirməsi təxminən 20, Polşa qiymətləndirməsi 40, Rusiya tərəfinin iddiası isə 2020-2025-ci illərdə yalnız Aerokosmik Qüvvələr üçün ümumilikdə 48 “Su-57” istehsal edildiyini göstərir.
Bundan əlavə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, 2025-ci ilin sonlarında Rusiyanın taktiki aviasiyasının sərəncamında cəmi 20 ədəd “Su-57” olub.
Bir tərəfdən, Rusiyanın aviasiya qüvvələrinin, xüsusilə “Su-57” qırıcıları ilə gücləndirilməsi narahatedici məqamdır. Digər tərəfdən, hətta Rusiyanın şişirdilmiş qiymətləndirmələrini əsas götürsək belə, ölkə ilkin planını yerinə yetirə bilməyəcək.
Həmin plana əsasən, 2027-ci ilədək 76 ədəd “Su-57” istehsal edilməli idi. Bu təyyarələrin üç aviasiya alayını təchiz etməyə kifayət edəcəyi nəzərdə tutulurdu. Sülh dövrünün ştat strukturuna əsasən, hər bir alay iki eskadrilyadan ibarət olmalı idi.
Sevinc Əliyeva Ordu.az
