Pilotsuz uçuş aparatları üçün startap hazırlayan məktəbli - “Elmi məqalə də yazdım”


Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Məktəbli startapçılar” layihəsi davam edir.
Layihənin əsas məqsədi paytaxt məktəblərində təhsil alan istedadlı və təşəbbüskar şagirdlərin innovativ ideyalarını ictimaiyyətə təqdim etmək, onların startap fəaliyyətlərini işıqlandırmaq və gənclər arasında sahibkarlıq düşüncəsini təşviq etməkdir.
"Məktəbli startapçılar" çərçivəsində şagirdlər öz ideyalarını, hazırladıqları startap layihələrini və gələcək planlarını geniş auditoriya ilə bölüşmək imkanı əldə edirlər.
AzEdu-nun "Məktəbli startapçılar" layihəsinin budəfəki iştirakçısı - 6 nömrəli məktəb-liseyin XI sinif şagirdi Kənan Nəsibli - də qeyri-adi startap ideyası ilə fərqlənib. Kənanın əsas hədəfi İngiltərənin, eləcə də dünyanın top universitetlərindən sayılan London İmperial Kollecdə oxumaqdır.
Startapının adı isə "PlazmoShield" adlanır; pilotsuz uçuş aparatları üçün radar və lidar əleyhinə plazmatik müdafiə sistemi ilə bağlıdır. Həmin layihə ilə "Sabahın alimlər"inə qatılan K.Nəsibli nəticədə bürünc medala layiq görülüb.
O, ali təhsilini xaricdə deyil, ölkəmizdə almalı olsa, Bakı Ali Neft Məktəbi və ya ADA Universitetində elektrik-elektronika mühəndisliyi profili üzrə ixtisaslardan biri arasında seçim edəcək:
""Sabahın alimləri"nə qoşulmamışdan əvvəl müxtəlif layihələr üzərində düşünmüşdük; təqribən bir ay vaxtımız məhz layihə seçiminə gedib. "PlazmoShield" üzərində işləməyə ona görə qərar verdik ki, bu layihə ölkəmizdə hazırda aktual mövzulara toxunur. 44 günlük müharibədə böyük uğur əldə etdik, bu yolda bizə kömək edən amillərdən biri də pilotsuz uçuş aparatları idi. Cənab Prezidentin çıxışlarında tez-tez vurğuladığı kimi, hər zaman hər bir vəziyyətə hazır olmaq lazımdır. Tarixdə də dəfələrlə yaşanıb ki, sülhü yalnız güclülər qoruya bilər. Eyni zamanda, Cənab Prezident çıxışlarında Azərbaycanın yüksək hərbi ixtisas potensialının olduğunu da bildirmişdi. Bütün bu amilləri nəzərə alaraq "PlazmoShield" layihəsi üzərində işləməyə qərar verdik.
Müsahibimiz daha əvvəl başqa istiqamətlərə maraq göstərdiyini qeyd edib:
"İlk dəfə fizika fənnini keçməyə başlayanda müəllimim sayəsində bu sahəyə olan sevgi və istedadımı aşkar edə bildim. Respublika Fənn Müsabiqəsində və fizika üzrə olimpiadalarda iştirak etmişəm, dəfələrlə finala çıxsam da, təəssüf ki, medal qazana bilməmişəm. Uşaqlıqdan həkim olacağımı düşünürdüm, çünki ailəmdə bir çox üzv həkimdir və bu səbəbdən həkimliyə daha çox maraq göstərirdim. Lakin sonradan, illər keçdikcə anladım ki, ən böyük maraq göstərəcəyim sahə məhz mühəndislik sahəsidir.
Bu layihə ilə "Sabahın alimləri"ndə bürünc medal qazanmışıq. Üzərində bir qədər də işləyib, elmi məqalə də çap etdirmişəm. Gələcəkdə də yenidən bu layihənin üzərində işləməyi düşünürəm.
Layihə seçimlərində ikinci ən yaxın variantımız xüsusi növ pəncərələrdən enerji əldə etmək idi. Düşünürdük ki, bu da ölkəmiz üçün əhəmiyyətli ola bilər, çünki azad olunmuş ərazilərdə yeni kəndlər salınır və onlarda təmiz enerji istehsalı sahəsində işləmək nəzərdə tutulur. Əgər gələcəkdə başqa bir layihə seçsəm, yəqin ki, məhz bunun üzərində işləmək istəyərəm.
Hazırda xarici imtahanlara və fizika ilə bağlı imtahanlara hazırlaşıram. Fizikaya olan marağım verdiyim imtahanlarla da üst-üstə düşür.
Xaricdə də layihələrə qoşulmağı mütləq davam etdirəcəyəm, çünki xaricdə və beynəlxalq müstəvidə ölkəmi hər cəhətdən təmsil etmək istəyirəm. Belə layihələrdə iştirak etməklə həm özümü, həm də ölkəmi tanıtmış olacağam".