Peyk görüntüləri Rusiyanın “Sarmat” raketinin üçüncü uğurlu sınaq buraxılışını keçirdiyinə dair ehtimal yaradıb


Rusiya 2026-cı ilin oktyabrında RS-28 “Sarmat” qitələrarası ballistik raketinin üçüncü uğurlu sınağını keçirmiş ola bilər, lakin bunu təsdiqləyən əsas dəlillər hələ təqdim edilməyib.
2026-cı ilin mayında Rusiya RS-28 “Sarmat” qitələrarası ballistik raketinin ikinci uğurlu sınaq buraxılışını həyata keçirib. Bundan sonra Rusiya Strateji Raket Qoşunlarının rəhbərliyi həmin ilin sonlarında raketin döyüş növbətçiliyinə çıxarılacağını bəyan edib.
İndi isə ortaya çıxan peyk görüntüləri Rusiyanın 2026-cı ilin oktyabrında “Sarmat” raketinin üçüncü uğurlu buraxılışını həyata keçirmiş ola biləcəyini ehtimal etməyə əsas verir. Bununla belə, ümumi mənzərədə əsas bir detal çatışmır.
IISS öz bloqunda yazır ki, “Sarmat” qitələrarası ballistik raketlərinin yerləşdirilməsi üçün Rusiyanın Strateji Raket Qoşunlarının 62-ci raket diviziyası seçilib. Diviziya Sibirdə, Ujur şəhəri yaxınlığında yerləşir.
İnstitutun təqdim etdiyi peyk görüntülərində həmin diviziyaya məxsus 13C nömrəli raket şaxtasına “Sarmat” raketinin yüklənməsi prosesi əks olunub. Proses zamanı xüsusi nəqliyyat-yükləmə maşını, yükləyici və digər köməkçi vasitələr də müşahidə edilib.
IISS daha sonra 1A nömrəli raket şaxtasının ətrafındakı fəallığı əks etdirən başqa bir peyk görüntüsünü təqdim edib. İlk baxışdan burada da RS-28 “Sarmat” raketinin onun üçün nəzərdə tutulmuş şaxtaya yüklənməsi prosesi müşahidə olunur.
Lakin institutun təsvirinə görə, 1A nömrəli şaxtanın ətrafında müxtəlif fəaliyyətlər 2026-cı ilin iyulundan avqustuna qədər qeydə alınıb, daha sonra isə həmin fəaliyyət oktyabr ayında yenidən başlayıb.
Məhz bu qeyri-müəyyən fəallıq fonunda IISS Rusiyanın payızda “Sarmat” raketinin üçüncü uğurlu sınaq buraxılışını həyata keçirmiş ola biləcəyi ehtimalını irəli sürüb.
“Sarmat”ın üçüncü uğurlu sınağının keçirildiyini iddia etmək üçün ən azı buraxılışın izləri olmalıdır. IISS müəllifləri isə hələlik belə dəlillər təqdim etməyiblər.
Buna görə də hazırda yalnız Rusiyanın RS-28 “Sarmat” raketinin iki uğurlu buraxılışını həyata keçirdiyini dəqiq söyləmək mümkündür. Rusiya bu nəticəni normal göstərici kimi təqdim etməyə çalışır və raketi öz raket qoşunları üçün risklər yarada biləcək şəraitdə döyüş növbətçiliyinə çıxarmaq prosesini davam etdirir.
Sevinc Əliyeva Ordu.az
