Paşinyanın istefa açıqlaması hakim partiyada narahatlıq yaradıb


Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya ilə bağlı referendumdan sonra vəzifəsindən ayrılmağa hazır olduğunu deməsi hakim “Vətəndaş müqaviləsi” partiyasında narahatlıq yaradıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti partiyanın bəzi üzvlərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Paşinyan çərşənbə günü parlamentdə müxalifətə yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasını dəstəkləməyi təklif edib. O bildirib ki, seçicilər layihənin əleyhinə səs versələr, istefa verəcək. Layihə dəstəklənərsə, sülh sazişini imzaladıqdan sonra vəzifəsindən ayrılacaq.
Qəzetə danışan partiya üzvləri seçkilərdən cəmi beş ay keçdiyini və qarşıdakı beş il üçün planlarının olduğunu deyiblər. Nəşrin məlumatına görə, onlar növbədənkənar seçki ehtimalından narahatdırlar.
Paşinyan ertəsi gün mövqeyini dəqiqləşdirərək Konstitusiya dəyişərsə, 2031-ci ildə keçiriləcək növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib.
