Paşinyanın düşmənləri Moskvada TOPLAŞDI

3 dəq oxu
Xəbər
Moskvada hakim “Vahid Rusiya”nın yaratdığı “Millətlərin azadlığı uğrunda” beynəlxalq forum keçirilib. 2024-cü ilin fevralında yaradılan platformanın əsl məqsədi Rusiyanın postsovet məkanında siyasi təsir imkanlarını genişləndirməkdir.
Təşkilatın bəyan etdiyi məqsəd Qərbin siyasi, iqtisadi, maliyyə, informasiya və mədəni təsir mexanizmlərinə qarşı mübarizə aparmaqdır. Tədbirdə Ermənistanın parlamentdənkənar müxalifəti də iştirak edib. Sabiq Prezident Serj Sərkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov və hazırda həbsdə olan Qagik Tsarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyasının təmsilçisi Arman Abovyan Paşinyan hakimiyyətinin siyasətini sərt tənqid ediblər.
Qeyd edək ki, Rusiya Ermənistanda daha çox Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” partiyasını və eks-prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” blokunu dəstəkləyir. Samvel Karapetyan, Robert Köçəryan və Qagik Tsarukyan həbsdədir. Ona görə də əsas ehtimallardan biri Rusiyanın Ermənistanda yeni müxalifət lideri axtarmaq cəhdi ilə bağlıdır. Rusiya həmin fiquru parlamentdə təmsil olunmayan küçə müxalifəti sıralarında tapmağa çalışır. Həm Eduard Şarmazanov, həm də Arman Abovyan Rusiyaya bağlı şəxslər sayılır.
Rusiyanın yeni müxalifət formalaşdırmaq və siyasi hərəkatlar yolu ilə Paşinyanı devirmək imkanları qalıbmı?
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a dedi ki, Rusiyanın Ermənistanda müxalifət yaratmaq imkanları qalıb, amma Paşinyanı küçə yolu ilə devirmək imkanı yoxdur: “Moskva bunu yaxşı bilir. Ona görə də artıq hakimiyyəti dəyişmək yox, onu yormaq, zəiflətmək və vaxt qazanmaq istəyir. Mənzərə göz qabağındadır. Rusiyanın Ermənistanda əsas kartları olan Karapetyan, Köçəryan və Tsarukyan həbsdədir. Parlamentdəki müxalifət başsız qalıb, parlamentdən kənar qüvvələr isə iyun seçkilərində dörd faizlik baryeri belə keçə bilməyiblər. Moskvadakı forumda Respublika Partiyasının və “Çiçəklənən Ermənistan”ın təmsilçilərinin səhnəyə çıxması da məhz bunu göstərir. Kreml ehtiyat oyunçuları meydana buraxır. Amma ehtiyat oyunçu ilə matçın taleyini dəyişmək çətindir. Serj Sərkisyanın partiyası 2018-ci ildə küçədə hakimiyyəti itirib, bu gün isə xalqın gözündə köhnə rejimin simvoludur. Tsarukyanın partiyası isə liderin həbsindən sonra siyasi səhnədə ağırlığını itirib.
Bunun bir neçə səbəbi var. Birincisi, erməni cəmiyyəti yorulub. İyunda seçicilərin təxminən yarısı Paşinyanın sülh gündəliyinə səs verdi. İkincisi, 2024-cü ildə kilsənin dəstəyi ilə başlanan küçə hərəkatı da nəticəsiz qaldı. Rusiyaya bağlı imic artıq Ermənistanda üstünlük yox, yükdür. Üçüncüsü, Paşinyan hakimiyyəti Moskvanın təsir şəbəkəsinə qarşı sərt hüquqi addımlar atır. Həbslər, casusluq işləri və maliyyə istintaqları müxalifətin əsas resurslarını, yəni pulunu və liderlərini sıradan çıxarıb”.
Bu xəbəri 2 mənbə yazıb
Dərc vaxtına görə



